İlham Əliyevin Vaşinqton Triumfu – Azərbaycan milli məqsədlərinin hamısına nail oldu!


Azay Quliyev
Milli Məclisin deputatı

Dünən bütün dünyanın diqqət mərkəzində olan ABŞ–Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli Vaşinqton Zirvəsi ölkəmizin böyük və tarixi diplomatik qələbəsi ilə yekunlaşdı.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında qazandığımız zəfərləri Vaşinqtonda, diplomatiya meydanında da təsdiqlətdi. Üstəlik, bu uğur dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi.

Əldə edilən nəticənin tarixi və strateji əhəmiyyəti o qədər böyükdür ki, bu barədə indiki və gələcək nəsillər uzun illər danışacaq. Xalqımız 44 günlük Vətən müharibəsindəki, eləcə də 1 günlük antiterror əməliyyatındakı möhtəşəm qələbələrin davamı kimi, Vaşinqtondakı bu diplomatik uğuru da həmişə qürurla xatırlayacaq.

Azərbaycan Vaşinqtonda bütün strateji hədəflərinə çatdı.

Gəlin əldə olunan əsas nəticələrə diqqət yetirək.

Birgə Bəyannamədə Azərbaycanın qazandığı əsas uğurlar:

1. ATƏT-in Minsk Qrupu və onun strukturlarının ləğvi – uzun illər nəticəsiz qalan və heç bir faydası olmayan format rəsmi şəkildə tarixə qovuşdu.

2. Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində razılaşma – Bəyannamədə “Sülh sazişinin imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərin görülməsi” barədə razılaşma qeyd olundu. Bu, yəni konstitusiyanın dəyişdirilməsinin açıq yazılmaması Ermənistan daxilindəki radikal qüvvələrin Paşinyan hökumətinə qarşı Rusiyadan dəstəklənən etiraz dalğasını minimuma endirmək üçün diplomatik cəhətdən ağıllı yanaşma idi.

3. Zəngəzur dəhlizinin açılması haqqında razılıq əldə olundu. Bu, Azərbaycanın maraqlarına tam uyğun formatda Naxçıvana maneəsiz gediş-gəliş təmin eədək, Türk dünyasını bir-birinə quru yolla birləşdirəcək. Ermənistan ərazisindən keçən hissə ABŞ-ın 99 illik nəzarətinə veriləcək ki, bu da Rusiya və İranın regiondakı təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Dəhlizə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adı verilməsi isə bu uğurun siyasi rəmzinə çevrildi.

4. Orta dəhlizin mövqeyinin möhkəmlənməsi – Zəngəzur dəhlizinin bu formada açılması Azərbaycanın tranzit imkanlarını və geoiqtisadi çəkisini əhəmiyyətli dərəcədə artıracaq.

5. Revanşizmin qarşısının alınması – ABŞ zəmanəti ilə Ermənistan hökuməti və xalqı Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı gələcək təcavüz və qisas cəhdlərindən imtina edəcək. Bu, uzunmüddətli sülhün təminatı baxımından tarixi əhəmiyyət daşıyır.

Beləliklə, Azərbaycan Ermənistanla normallaşma və sülh prosesində bütün əsas tələblərinin yerinə yetirilməsini təmin etmiş oldu.

Azərbaycan–ABŞ münasibətlərində tarixi dönüş

Vaşinqton görüşü iki ölkə arasında yeni strateji mərhələnin başlanğıcını qoydu.

1. Azərbaycana qarşı ədalətsiz şəkildə tətbiq oluna sanksiya, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqi dayandırıldı. Prezident Donald Trampın bu qərarı məhz cənab İlham Əliyevin iştirakı ilə imzalaması dövlət başçısına və Azərbaycana göstərilən xüsusi hörmətin bariz nümunəsidir.

2. Strateji Tərəfdaşlıq Xartiyasına doğru ilk addım atıldı. “Azərbaycan Respublikası və ABŞ arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumu imzalandı.

3. Memorandum əsasında Strateji Tərəfdaşlıq Xartiyasının altı ay ərzində hazırlanması qərara alındı ki, bu da hər iki tərəfin ciddi siyasi iradəsini nümayiş etdirir.

Prezident İlham Əliyevin diplomatik ustalığı

Görüşlərdə cənab İlham Əliyevin Paşinyandan fərqli olaraq ingilis dilində, kağıza baxmadan, səlis və məzmunlu çıxış etməsi onun yüksək intellektini, siyasi hazırlığını və peşəkarlığını bir daha ortaya qoydu.

Vaşinqton görüşü Azərbaycanın diplomatiya tarixində möhtəşəm bir zəfər kimi qalacaq. Bu tarixi hadisə münasibətilə cənab Prezident başda olmaqla bütün xalqımızı ürəkdən təbrik edirəm.


MANŞET XƏBƏRLƏRİ