Son illər sosial şəbəkələrdə ən çox reklam olunan məhsullardan biri də arıqlama çaylarıdır. “Qısa müddətdə çəki atın”, “heç bir fəsad yoxdur”, “tam təbii məhsuldur” kimi iddialarla təqdim edilən bu vasitələr xüsusilə artıq çəkidən əziyyət çəkən insanların diqqətini cəlb edir. Reklamlarda tez-tez məhsulların təhlükəsiz olduğu, hətta rəsmi qurumlar tərəfindən sertifikatlaşdırıldığı da vurğulanır.
Maraqlıdır ki, bu məhsulların tanıdılmasına məşhurlar və sosial media fenomenləri də qoşulur. Məsələn, fitness məşqçisi və sosial media fenomeni Kamil Zeynallı reklam etdiyi arıqlama çayının satışına dair Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən rəsmi sertifikat verildiyini bildirir. Bəs həqiqətənmi sosial şəbəkələrdə reklam olunan bütün arıqlama çaylarının sertifikatı var? Bu məhsulların tərkibi və insan sağlamlığına təsiri necə yoxlanılır? AQTA belə reklamlarla bağlı hansı nəzarət mexanizmlərini tətbiq edir?
AQTA-dan Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, son dövrlər müxtəlif sosial şəbəkə platformalarında arıqlama məqsədilə təqdim olunan çay və qəhvə məhsullarının istifadəsi geniş yayılıb: ”Qısa müddətdə çəki itkisi vəd edən, “yağ yandırıcı”, “metabolizmanı sürətləndirən” kimi ifadələrlə təşviq olunan bu məhsulların reklamı intensiv xarakter alıb.
“Qida təhlükəsizliyi haqqında” Qanunun 17.2.3-cü və 17.2.5-ci yarımbəndlərinə əsasən, qida məhsullarının etiketində və ya reklamında həmin məhsula xas olmayan təsir və ya xüsusiyyətlər göstərilməməli, həmçinin onların insan xəstəliklərinin qarşısını alması və ya müalicəvi xüsusiyyətlərə malik olması barədə iddialar irəli sürülməməlidir.
Arıqladıcı və ya kökəlməyə yardım edən dərman vasitələri mövcud ola bilər, lakin belə məhsullar müvafiq qaydada dövlət qeydiyyatına alınmalı və “Dərman vasitələri haqqında” Qanunun tələblərinə uyğun olaraq dövriyyəyə buraxılmalıdır.
İstehlakçıların tərkibi bəlli olmayan, şübhəli mənbələrdən, xüsusilə sosial şəbəkələr və digər elektron ticarət platformaları vasitəsilə qeyri-rəsmi qaydada təklif olunan məhsulların əldə edilməsi və istifadəsi məqsədəuyğun hesab edilmir.
Çəkinin azaldılması və ya artırılması məqsədilə hər hansı məhsulun istifadəsi yalnız həkim məsləhəti əsasında həyata keçirilməlidir. Sağlam və balanslaşdırılmış qidalanma prinsipləri, eləcə də müntəzəm fiziki aktivlik əsas prioritet kimi nəzərə alınmalıdır. Linkə daxil olaraq axtarışa uyğun reyestr məlumatlarını əldə edə bilərsiniz:
https://afsa.gov.az/az/mehsullar/bioloji-aktiv-qida-mehsullari”.