“Uşaqlarda torpağı, suyu, havanı, canlı aləmi, yaşıllığı qorumaq kimi mühüm vərdişlər formalaşdırılmalıdır”- Sadiq Həsənov


Qlobal iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması dövründə gənc nəsildə ekoloji şüurun formalaşdırılması günün əsas tələblərindən biridir. Beynəlxalq ekspertlər ekoloji tərbiyənin daha səmərəli metodlarını araşdırır, müasir təsir alətləri tətbiq edilməsini təklif edirlər. Azərbaycanda vəziyyət necədir? Ətraf mühitin qorunmasını gələcəyimiz olan gənclərə sevdirə bilirikmi? Müsahibimiz Radiasiya Problemləri İnstitutunun əməkdaşı, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənovdur.

-Sadiq müəllim, ekoloji təhsil gənc nəslə nələri öyrədir? Gənc nəsildə ekoloji məsuliyyətin və ekoloji mədəniyyətin inkişafı üçün nə etmək lazımdır? Hansı metodları təklif edirsiz?

-Bu gün ətraf mühitin çirklənməsi ilə bağlı həm dünyada, regionda, həm də ölkəmizdə çox ciddi probemlər mövcuddur. Ötən il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının-COP 29-un Bakıda keçirilməsi də təsadüfi deyildi. Ölkəmiz iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasına və insanların adaptasiya tədbirlərinə həssas yanaşır, bu istiqamətdə beynəlxalq təşəbbüsləri dəstəkləyir. Ümumiyyətlə, təəssüflə qeyd edək ki, Azərbaycanda təhsil sistemi özü o qədər də yüksək səviyyədə deyil. Azərbaycan universitetlərinin diplomları bir çox ölkələr tərəfindən tanınmır. Orta təhsil sistemimizdə də çox ciddi problemlərimiz var. Bu təkcə digər dəqiq elmlərin tədrisində deyil, ekoloji biliklərin öyrədilməsi məsələsində müşahidə olunur. Ekoloji biliklər orta məktəb dərsliklərində qısa olaraq verilir. Buda əsasən həyat bilgisi, coğrafiya, biologiya kimi fənlərdə tədris olunur. Lakin bu, kifayət deyil. Bir çox Avropa ölkələrində, İngiltərədə, Amerikada, Kanadada və digər ölkələrdə ekoloji şüurun formalaşması, ekoloji düşüncə və tərbiyə bağça yaşlarından başlanır.
Bir gün bir dostu məşhur alim və yazıçı Sədi Şirazinin yanına gələrək soruşur ki, mənim övladım olub, 3 aylıqdır, körpəni nə vaxtdan tərbiyə işlərinə başlayım. Sədi Şirazi ona cavab verir ki, sən artıq 3 ay gecikmisən. Bununla alim onu demək istəyir ki, uşaqların tərbiyəsi erkən yaşlardan başlanmalıdır. Biz də artıq gənc nəsildə ekoloji şüuru formalaşdırmaq üçün gecikmişik. Avropa ölkələrində vəziyyət necədir? Avropanın uşaq başçalarında tərbiyəçilər uşaqları meşələrə, yaşıllıqlara, parklara aparır, ağacları bir-bir onlara başa salır, adlarını və xüsusiyyətlərini izah edir, öyrədirlər. O uşaqlar da körpə olduğu üçün deyilənləri yadda saxlayırlar və bütün ömürləri boyu həmin ruhda tərbiyə olunurlar. Bu çox gözəl bir tərbiyə və öyrədilmə vasitəsidir. Öncə canlı aləmi tanıdır, sonra avadanlıqları, yol keçidlərini, qurğuları öyrədirlər. Bu cür tərbiyə keçmiş uşaqlar yolda istənilən ağacı görəndə bilirlər ki, hansı ağacdır. Gəlin baxaq görək bizim bağçalarda, məktəblərdə uşaqlar o ağacların adlarını bilirmi? Təəssüf ki yox. Bizim məktəblərdə təhsil dövründə gənclər ağac növləri ilə, canlı aləmlə, çaylarla, dənizlə, bütövlükdə ekosistemlə bağlı yetərli bilgi ala bilmirlər.

-Məktəblilərin ekoloji maarifləndirmə əhatəsini necə genişləndirmək olar?

- Azərbaycan təhsilində ayrıca ekologiya fənni tədris olunmur. Bununla bağlı bilgilər "Həyat bilgisi", "Corğafiya", "Biologiya" fənnlərində bəzi məlumatlar verilir. "Kimya", "Fizika" fənnlərində də biosferlə bağlı bilgilər var. Lakin sırf ekoloji bilikləri artırmaq floradan, faunaya qədər hər biri haqqında dəqiq məlumat vermək ilkin bağça dövründən başlanmalıdır ki, onların yaddaşında qalsın. Lakin dünyanın bir çox ölkələrində, məsələn, qonşu Rusiya Federasiyasında ayrıca "Ekologiya" fənni tədris olunur. Böyük Britaniyada kimya, biologiya, fizika, coğrafiyanı birləşdirib bir fənn kimi "Ekoloji maarifləndirmə" adı ilə ayrıca dərs keçirlər. Bir çox ölkələrdə həmin nümunəyə uyğun ekologiyanı tədris edirlər. Bəzən elmi tədqiqat institutuna təcrübəyə gələn tələbələrin bir çoxunda adi ekoloji biliklərin olmadığının şahidi oluruq, belə vəziyyətdə təbiəti necə sevdirmək mümkündür...

-Azərbaycanda ekoloji təhsilin mövcud vəziyyəti sizi qane edirmi? Gənclər canlı aləmə qarşı duyarlıdırlarmı?

-Ötən il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı-COP 29-la bağlı olaraq Elm və Təhsil Nazirliyi tərəfindən "Yaşıl dünya naminə həmrəylik" adlı metodik vəsait hazırlanlb. Lakin bu mövzu şagirdlərə tam öyrədilmir. Bu fənni tədris edən müəllimlər xüsusi olaraq qlobal iqlim dəyişmələri ilə bağlı biliklərə malik olmalıdırlar, təəssüf ki, bu çox zaman olmur. Bu cür tədris şagirdlərin özündə bu mözuya maraq oyatmır. Mən ayrı-ayrı müəllimlərin, pedaqoqların əməyini yerə vurmaq istəmirəm. Məlumatım var ki, ölkənin, Bakı şəhərinin müxtəlif məktəblərində şagirdlərdə ekoloji tərbiyəni gücləndirmək üçün dərnəklər, klublar yaradılıb, divar qəzetləri buraxılır, yazı müsabiqələri keçirilir. Lakin bu iş sistemli həyata keçirilmədiyindən effektiv olmur..

-Ətraf mühitin çirkləndirilməsinə görə, cərimələr nəzərdə tutulur. Sizcə cərimələr, yoxsa zamanında formalaşdırılmış ekoloji məsuliyyət daha çəkindirici vasitədir?

- Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi var. Nazirlər Kabinetinin 3 mart 1992-ci il tarixli 122 saylı qərarı var. Həmin qanunda atmosferin, çayların, göllərin, dənizin, torpağın çirklənməsi üzrə inzibati cəzalar, pul cərimələri nəzərdə tutulub. Ekologiya və təbii sərvətlər nazirliyinin hesabatlarına görə müxtəlif təşkilatlar və fiziki şəxslər cərimə olunur lakin, bu effektiv olmur və çirklənmə, ağacların qırılması davam edir. Burada kompleks iş görülməlidir, Maarifləndirmə aparılmalı və inzibati nəzarət gücləndirilməlidir. Məsələn, sən Avropa ölkələrində, ABŞ-da, Kanadada və digər ölkələrdə hər hansı ağacı və kolu qoparmaq istəsən vətəndaşlar sənin üstünə gələcək və səndə məcbur qalıb utandığından bu hərəkəti etməyəcəksən. Yəni vətəndaş nəzarəti əsas amildir. Həmin ölkələrdə ictimai şüur artıq buna hazırdır. Bu onu göstərir ki, orada insanlar ətraf mühitin qorunması prosesində iştirak edirlər. Son illər bizdə hektarlarla ağac əkilib, yaşılllıq zonası salınıb. İnsanlar vətəndaş cəmiyyəti fəallarına, rəsmi qurumların təmsilçilərinə qoşulub ağac əkməyə gedir. Lakin biz sanki ağacı əkməklə işimizi bitmiş sayırıq. Bu gün ətraf mühitin mühafizəsi, yaşıllıqlara qulluq məsələsində sanki bir passivlik var. Hamı qərar, göstəriş gözləyir. Məhəllədə işbazlar çoxillik ağacı kəsir, ona müqavimət göstərən, olayla bağlı aidiyyatı qurumlara məlumat verən neçə nəfərə var? Çox azdır. İnsanlar sanki gördükləri qanunsuzluqları aidiyyati qurumlara çatdırmağı ayıb iş hesab edirlər. Və yaxud məhəllələrdə ağaclara, yaşıllıqlara könüllü qulluq göstərən neçə nəfər var paytaxtda? Bu, sanki İcra hakimiyyətlərinin, bələdiyyələrin, Mənzil İstismar Sahələrinin işi sayılır. Halbuki insanlar öz yaşadıqları məhəllələrdən, həyətlərdən başlamalıdırlar. Hər məhəllədə müvafiq yaşıllıq sahələri var. İnsanlar vaxtaşırı o ağaclara, gül kollarına aqrotexniki qulluq göstərməlidirlər.

-Sadiq müəllim, Bakıda mən adam tanıyıram ki, 9 mərtəbəli binanın həyətində öz hesabına su sayğacı qoyub, ağaclara, güllərə qulluq göstərir. Bundan bir neçə il öncə paytaxtın Həzi Aslanov qəsəbəsində işbazlar 90-a yaxın ağac kəsib yerində yaşayış binası tikmək istəyrdi. İnsanlar təşkilatlandı, aksiyalar keçirdi, tikintiyə mane oldu...

-Bu cür fəal insanların, təbiət könüllülərinin sayı çox olmalıdır. Dediyiniz hadisə insanda müsbət duyğular oyadır. Yaxşı olar ki, bu cür hadisələr lokal müstəvidə olmasın, daha geniş ərazini əhatə eləsin. Bunun üçün də gənc nəslə ətraf mühiti erkən yaşlarda sevdirməliyik ki, böyüyəndə, iş adamı, biznesmen, məmur olanda çoxillik ağacları kəsib, yerində "obyekt" tikməsin, yaşıllıqları mebel sənayesinə qurban verməsin.

-Məktəblilərdə ekoloji tərbiyəni inkişaf etdimək üçün əyani təsir vasitələrinin: animasiya filmlərinin, video-kitabların rolu nə qədərdir?

- Ekoloji tərbiyəni inkişaf etdirmək üçün animasiya filmlərinin, video-kitabların rolu var. Lakin bu vasitələr bağça yaşlı uşaqlar, azyaşlı məktəblilər üçün daha təsirli ola bilər. Avropa ölkələrində bu metodlar tətbiq olunur. Həmin animasiya filmləri vasitəsilə körpələrdə ətraf mühit, təbiət haqqında, ekoloji çirklənmə barədə məlumat verirlər. Yuxarı sinif şagirdləri üçün isə daha təsirli vasitələr tapmaq lazımdır. Məsələn, parklara, nadir ağaclar olan yerlərə, çay hövzələrinə, qoruqlara, göl ətrafına, meşələrə səfərlər, ekskursiyalar təşkil olunmalıdır. Onları aparan bələdçilər, müəllimlər də ətraf mühit, ekologiyanı çirkləndirən amillər barədə bilgili olmalı, şagirdləri məlumatlandırmalıdırlar. Ali məktəb tələbələrini yay tətili günlərində ekoturizmə cəlb etmək, onları qoruqlara aparmaq lazımdır. Ətraf mühitin mühafizəsinin gücləndirilməsində ekoloji maarifləndirməyə ehtiyac var. Yaxşı olar ki, media, özəlliklə də televiziyalar bu işdə aktiv olsunlar.

Cavid Şahverdiyev

"Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən "Ətraf mühiti qoru: maarifləndirmə aksiyaları" layihəsi çərçivəsində hazırlanmışdır və bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər".


MANŞET XƏBƏRLƏRİ