Məlum olduğu kimi aprelin 28-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə etdi. Səfər çərçivəsində 2 ölkə arasında bir sıra mövzularla bağlı danışıqlar aparıldı. Ötən gün yayılan məlumata görə isə İsrailin Baş naziri Benyamin Netanyahunun da Bakıya 5 günlük səfəri gözlənilir. Baş nazirin ofisinin yaydığı məlumata görə, Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək. Onun mayın 11-də İsrailə qayıdacağı bildirilir.
Maraqlıdır ki, mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ölkəmizə səfəri gözlənilir. Eyni zamanda, həmin müddətdə İsrail Baş nazirinin də ölkəmizdə səfərdə olması diqqət çəkir. Bəs bu liderlərin Bakıda görüşü baş tuta bilərmi? Turkustan.az olaraq sualımızı politoloq Oqtay Qasımova ünvanladıq.
Azərbaycan son illər bölgədə yeni reallıqlar yaratmaqla beynəlxalq səviyyədə öz nüfuzunu artırır və özünün potensialını və resuslarını çox rasional şəkildə təbliğ edə bilir. Eyni zamanda Azərbaycan ağlı ilə hərəkət edən və etibarlı bir tərəfdaş statusunu qazanıb. Özünün balanslı xarici siyasəti ilə öz maraqları və ərazi bütövlüyündən vaz keçməyən siyasət həyata keçirdir. Azərbaycan onun üzərindən üçüncü tərəfə qarşı istifadə edilməsinə qarşıdır və buna imkan vermir. Uzun illər öncə Azərbaycanın hələ zəif vaxtlarında belə qonşu dövlətlərə qarşı hansısa bir hərəkətlərin edilməsinə imkan verməyib. Məhz bu etibarlı tərəfdaş statusu onun mövqelərini xeyli gücləndirib. Azərbaycan dünyanın çox müxtəlif dövlətləri ilə, gücləri ilə münasibət qurmaqla bu siyasətini davam etdirməkdədir. O ki, qaldı İran, Türkiyə və İsrail liderlərinin ölkəmizə səfərinə təbii ki, bu dövlətlərin bir-biri ilə münasibətləri kəskindir. Buna baxmayaraq Azərbaycan vaxtı ilə Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında olduqca həll edici rol oynayıb və indi də oynamağa davam edir. İranla münasibətlər son dövrlərdə yaxşılaşmağa doğru gedir və İran prezidentinin səfəri də bunu bir daha nümayış etdirdi. İsrail baş nazirinin də səfəri məhz Azərbaycanın İsrail ilə münasibətlərinin davam etdirilməsi məqsədi daşıyır. Bu səfərlərin biri digərinin əleyhinə deyil. Artıq bütün tərəflər çox yaxşı bilirlər ki, Azərbaycan olduğu yerdə onlara qarşı hansısa yanlış hərəkətlər edilə bilməz. Yəni, ölkəmiz bu ziddiyəti münasibətlərin həll olunmasında maraqlıdır.
Aytən Yaşar/ Turkustan.az