"Bədahətən yarandı" - “Yevlaxa gəl” mahnısının ifaçısı - VİDEO


Sosial şəbəkələrdə “Yevlaxa gəl, Yevlaxa” mahnısını oxuyan tanbur ifaçısı məşhurlaşıb.

Lent.az həmin şəxsin kimliyi ilə bağlı araşdırma aparıb. Araşdırmalarımız zamanı məlum oldu ki, bu ifanın sahibi Balakən rayonu, Hənifə kənd sakini, ozan, "Atbaz" ləqəbi ilə tanınan Əfqan Rəhmanovdur.

Əfqan Rəhmanov bu mahnının necə yaranması barədə Lent.az-a danışıb:

Televizora baxırdım, hamı kimi mən də antiterror əməliyyatları barədə xəbərləri həyəcanla izləyirdim. Düzünü desəm, vaxtım olmur deyə 2011-ci ildən bu yana televizora baxmamışam. Müdafiə Nazirliyinin əməkdaşı Anar Eyvazovun efirdə ermənilərin təslim olması, onların danışıqlar aparmaq üçün Yevlax rayonuna gəlməsi barədə xəbər verəndə ürəyim atlandı, damburu əlimə alıb bu havanı oxudum, bədahətən yarandı. Sonra sosial şəbəkədə paylaşdım”, - deyə ozan bildirib.

O qeyd edib ki, ata-babadan bu sənətlə məşğuldurlar. O, xalq ozanı kimi el şənliklərinə də gedir.

“Bizlər mahnını öncədən bəstələmirik. Eşitmisinizmi, ulu dastanımızda deyilir ki, Dədə Qorqud gəldi, qopuzunu çaldı, söz söylədi. Bizlər də elə. tamburu əlimizə alanda bədahətən deyirik. Söz sənətində istənilən aşıqla, meyxanaçı ilə yarışmağa hazıram. Sözü də, musiqini də özüm düzüb qoşmuşam”, - deyə Əfqan Rəhmanov bildirib.

Bəs o nə üçün Atbaz ləqəbi ilə tanınır? Çünki kənd adamıdır, kəhər atlar yetişdirib satmaqla dolanır. Onun adı yetişdirdiyi atlarına görə də məşhurdur.

“Bəs bu mahnının bir gecədə sizi məşhurlaşdıracağını düşünmüşdünüz?” - sualına cavab verən xalq ozanı bildirib ki, o lap çoxdan televiziya efirlərində Aşıq Əhlimanla, məşhur meyxanaçılarla deyişib.


MANŞET XƏBƏRLƏRİ