Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri


Kamal Adıgözəlov

X məqalə

Strateji tərəfdaşların və müttəfiqlərin sayının artırılması

İndi tədqiqatçılar qlobal miqyasda dünya nizamının formalaşması ilə müstəqil dövlətlərin regional siyasəti arasında daha sıx bağlılıqdan yazırlar. Bunun real əsasları mövcuddur. Çünki özlüyündə qlobal geosiyasi mənzərə mürəkkəbləşib və meydana bir sıra yeni məqamlar çıxır. Onların fonunda Azərbaycanın yeni tarixi mərhələdə xarici siyasətində strateji tərəfdaşları və müttəfiqləri artırmaq istiqamətini ayrıca seçməsinin olduqca ciddi geosiyasi əhəmiyyət kəsb etdiyini anlamaq çətin deyildir. Bu kontekstdə həmin istiqamətin geosiyasi təhlili üzərində geniş dayanmaq zərurəti vardır.

XXI əsrdə geosiyasi əməkdaşlıq formatları

XXI əsrdə dövlətlərarası münasibətlərin məzmun, məqsəd və formasına görə pilləvarı və mürəkkəb olması şübhə doğurmur. Bu, hər bir siyasətçi və ekspertin qəbul etdiyi tezisdir. Lakin bu tezisin konkret məzmununa və dövlətlərarası münasibətlərin reallaşması mexanizminə gəldikdə, fikirlər fərqlənə bilir. Buna baxmayaraq, bu səviyyədə də ortaq mövqelər mövcuddur.

Eyni zamanda, XXI əsrdə geosiyasi əməkdaşlıq formatlarının müxtəlifliyi nəinki azalmır, hətta meydana bütövlükdə müasir dünyanın geosiyasi mənzərəsini əks etdirən yeni formaları gəlir. Yəni, çoxelementli dünyanda əməkdaşlığın da müxtəlif növləri ola bilər. Bu məntiqlə çıxış etdikdə, biz əsas olaraq əməkdaşlıq formalarının alternativliyindən və ya plüralizmindən bəhs edə bilərik. Bu isə özlüyündə problemin təhlilinə yeni yanaşmaların formalaşdırılmasını tələb edir.

Dünyanın tanınmış diplomatları, geosiyasətçiləri və analitikləri indiki mərhələdə dövlətlərarası münasibətlərin təhlili zamanı adətən məhdud sayda faktoru önə çəkirlər. Onlar bir qayda olaraq müasir dünyanın geosiyasi mənzərəsinin əsas parametrləri, beynəlxalq hüququn işləkliyi, geosiyasi dinamikanın dəyişməsi xüsusiyyəti, böyük dövlətlərin və "dünyanın siyasi elitası" adlandırdıqları qrupun məqsədləri, müstəqil dövlətlərin liderlərinin fəaliyyəti və konkret dövlətlər arasında münasibətlərin xarakteristikası ilə əlaqədar olur. Lakin bu faktorlar da tam siyahını əks etdirmir. Buna baxmayaraq, onların prizmasından strateji tərəfdaşlıq və müttəfiqlik kimi mühüm əməkdaşlıq formatlarını analiz etmək mümkündür.

Vurğuladığımız kontekstdə Henri Kissincerin diplomatiyaya və geosiyasi proseslərə aid əsərlərində irəli sürdüyü fikirlərə tədqiqatçılar böyük maraq göstərirlər. Bu, təsadüfi deyildir, çünki H.Kissincer diplomatiya, siyasət və geosiyasət sahələrində "dünya elitası" sırasına daxil olan şəxslərdəndir. Bir sıra alimlərin təqdimatına görə, indi dünyada onların sayı altı minə çatır. Bu rəqəmi təsdiq və ya təkzib etmək üçün lazımi informasiyamız yoxdur. Lakin ümumi geosiyasi mənzərə və onun dinamikasının nə dərəcədə həssas, qeyri-müəyyənliklərlə dolu və mürəkkəb olduğu haqqında təsəvvürlərə bu kimi fikirlər yol açırlar.

H.Kissincer də əsərlərində "əsas olanı dünyada qüvvələr balansını təmin etməkdir" və "dünya nizamı anlayışı tam olaraq aydın deyildir" və s. kimi tezisləri irəli sürür (bax: məs., 1). Buna görə də politoloqlar H.Kissincerin əsərləri kontekstində "biz yeni dünya nizamını küldən yaratmalıyıq" kimi yığcam fikirlər irəli sürürlər (2).

Beynəlxalq münasibətlər aspektində dünyanın yeni nizamının hansı səbəblərdən "küldən yaradılmalı" olduğu ayrı mövzudur. Lakin bu fikir müstəqil və inkişaf edən dövlətlərin beynəlxalq arenada özünə layiq yer tutması baxımından mayak rolunu oynaya bilər. Çünki burada mövcud vəziyyətin real mənzərəsi və dinamikası öz əksini tapır. O cümlədən Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi mənzərəyə malik bir məkanda uğurlu olmaq və həm də müstəqil siyasət əsasında özünü təsdiq etmək sözün həqiqi mənasında "özünü küldən yenidən yaratmaq"la müqayisə oluna bilər.

Bu baxımdan yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətində prioritet kimi doqquzuncu istiqamətin "strateji tərəfdaşların və müttəfiqlərin sayının artırılması" kimi formulə edilməsi strateji əhəmiyyəti olan məqamlardan biridir. Bu tezisi sübut etməyə çalışaq.

Strateji tərəfdaşlıq və müttəfiqlik: Azərbaycan təcrübəsi

Strateji tərəfdaşlıq iki və daha çox ölkənin siyasi, iqtisadi, sosial, mədəni, geosiyasi və digər sferalarda uzunmüddətli qarşılıqlı əlaqəsini nəzərdə tutur. Buraya təhlükəsizlik və müdafiə məsələləri mütləq daxil olur. Belə çıxır ki, strateji tərəfdaşlıq demək olar ki, bütün istiqamətlərdə iki və ya daha çox dövlətin əməkdaşlığının yüksək səviyyəsidir. Bu zaman hər bir tərəf digərinə görə konkret məsuliyyət də daşıyır. Məsələn, təhlükəsizliyin təminində bu qarşılıqlı məsuliyyət mühüm yer tutur. Bu cür yanaşma əsasında politoloqlar strateji tərəfdaşlığın beynəlxalq və siyasi sferalarda aşağıdakı əsas kriteriyalarını müəyyən edirlər:

  • tərəfdaşların əməkdaşlıqda qarşılıqlı maraqlarının olması və əməkdaşlıq üçün çoxlu sayda istiqamətlərin mövcudluğu;
  • prinsipial əhəmiyyətli strateji məqsədlərin olması. Onların reallaşması tərəflərin cəhdlərini ciddi koordinasiya etməsi nəticəsində mümkün olur;
  • strateji tərəfdaşlığın reallaşması üçün dayanıqlı mexanizmlərin mövcudluğu;
  • tərəflərin bir-birinin maraqlarını nəzərə almaq qabiliyyətlərinin olması, hətta aydın sərfəlilik olmadan belə tərəfdaşların bir-biri ilə kompromisə getməsi;
  • tərəfdaşa qarşı ayrı-seçkilikdən və ultimativ davranışdan qarşılıqlı imtina (3).

Bu müddəalardan görünür ki, strateji tərəfdaşlıq özündə bir neçə aspekti birləşdirir. Onlar qarşılıqlı əməkdaşlıq naminə sintez halında olmalıdırlar. Bunun üçün tərəflərin bir-birinə etibarı, sadiqliyi və etimadı az əhəmiyyət kəsb etmir. Yəni, nəzərdə tutulan əməkdaşlıq qarşılıqlı olaraq beynəlxalq hüquq çərçivəsində etibara, inama və etimada söykənməlidir.

Digər tərəfdən, əgər həmin şərtlər yerinə yetirilmirsə, strateji tərəfdaşlıq formal xarakter daşıyır. Nümunə kimi Rusiya-Ermənistan "strateji tərəfdaşlığı"nı göstərə bilərik. Son zamanlar Ermənistan strateji tərəfdaş üçün zəruri olan şərtlərə əməl etmir. Səbəbi isə strateji tərəfdaşlıq üçün mühüm olan bir müddəaya əməl etməməsi ilə bağlıdır. Konkret olaraq, Ermənistan öz merkantil, haqsız marağını birtərəfli olaraq Rusiyaya qəbul etdirməyə çalışır. Bu zaman rəsmi İrəvan nə regionun, nə də Rusiyanın eyni hüquqa malik olması aksiomunu qəbul etmək istəmir. Təbii ki, bu cür durum tərəflər arasında strateji tərəfdaşlığı formal bir hadisəyə çevirir.

Politoloqlar bunlarla yanaşı, strateji tərəfdaşlıqdan daha yüksək səviyyədə əməkdaşlıq formatını da xüsusi qeyd edirlər. Bu, strateji müttəfiqlikdir. Strateji müttəfiqlik strateji tərəfdaşlıqdan daha geniş, dərin və çoxşaxəli əməkdaşlığı əhatə edir. Burada başlıca yerlərdən birini müttəfiqlərin dünyanın əsas geosiyasi və siyasi məsələlərində uyğunlaşdırılmış mövqedə olması tutur (bax: 4).

Bu, çox mühüm məsələdir. İndiki mərhələdə strateji müttəfiqlikdə dünya siyasətinin prioritet məsələlərində uyğunlaşdırılmış mövqe tutmaq müttəfiqliyin mərkəzi punktunu təşkil edir. Məsələn, rusiyalı diplomatlar və politoloqlar həmin məqamı Rusiya üçün çox ciddi faktor hesab edirlər. Səbəb kimi müasir dünyada geosiyasi vəziyyətin çox mürəkkəbləşdiyi və buna görə də ölkənin etibarlı müttəfiqlərə ehtiyacının artdığı göstərilir (bax: 5).

Buradan strateji müttəfiqlik üçün olduqca vacib olan iki yeni faktor meydana çıxır. Onlardan biri strateji müttəfiqlərin beynəlxalq hüquq normaları çərçivəsində bir-birinə qarşı maksimum səmimiliyi, açıqlığı və məsuliyyətliliyidir, digəri isə bu keyfiyyətdə strateji müttəfiqlərin sayının çox olmasıdır. Yəni, müstəqil dövlətlərin əsl strateji dostlarının sayı nə qədər çox olsa, qlobal miqyasda geosiyasi nüfuzu və təsiri də bir o qədər yüksək olar.

Bu özəllik öz növbəsində xarici siyasət üçün başqa bir faktoru aktuallaşdırır – müstəqil dövlət beynəlxalq arenada uğurlu olmaq üçün mütləq surətdə real regional təşkilatlarda uğurlu olmalıdır. İndiki geosiyasi məqamda təşkilatlar çərçivəsində uğurlu xarici siyasət yeridən müstəqil dövlət həm də dünya miqyasında uğurlar əldə edə bilər.

Bu tezis Azərbaycanın xarici siyasətinin yeni tarixi mərhələdə doqquzuncu prioritet istiqamət kimi seçdiyi strateji tərəfdaşların və müttəfiqlərin sayının artırılması xətti prizmasından çox əhəmiyyətlidir. Yəni, həmin istiqamət onu ifadə edir ki, Azərbaycan yeni tarixi mərhələdə strateji müttəfiqlərinin və tərəfdaşlarının sayının artırılması vasitəsi ilə dünya miqyasında yeni geosiyasi mövqe tutmağı qarşıya məqsəd kimi qoyub. Bu baxımdan səkkizinci prioritet istiqamətin Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsi və onun çərçivəsində dövlətlərarası münasibətlərin yeni səviyyəyə qaldırılması kimi müəyyən edilməsi xüsusi məna kəsb edir. Həmin vəzifənin asan olmadığını başqa bir təşkilatın nümunəsində görə bilərik.

Biz Rusiyanın strateji tərəfdaşları və müttəfiqləri formatını nəzərdə tuturuq. Politoloqlar vurğulayırlar ki, Rusiya və Belarus müttəfiq dövlətlərdir (bax: 6). Bununla yanaşı, Rusiya Azərbaycan, Tacikistan və Qazaxıstanla strateji müttəfiqdir. Lakin onların hər biri ilə təşkilatda təmsil olunmaqda fərqli pozisiya mövcuddur. Tacikistan KTMT-nin üzvüdür, lakin Avrasiya İqtisadi İttifaqına üzv deyildir (bax: 7). Qazaxıstan isə hər iki təşkilatın üzvüdür, lakin Rusiya-Belarus müttəfiqliyinə daxil olmur (bax: 8). Belarus Rusiya ilə birgə hər üç təşkilata daxildir və onunla həqiqi strateji müttəfiqlik edir. Azərbaycanla Rusiya da strateji müttəfiqdirlər, lakin sadalanan heç bir təşkilatda bir yerdə deyillər (bax: 9). Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Azərbaycanın onların hər hansı birinə üzv olmaq planının olmadığını ifadə edib.

Strateji müttəfiqlikdə bu rəngarənglik nəyi göstərir? Hər şeydən öncə onu göstərir ki, Rusiya kimi güclü bir dövlət hələlik sözün həqiqi mənasında strateji müttəfiqlik modelini formalaşdıra bilməyib. Fərqli modellər və əməkdaşlıq səviyyələri mövcuddur. Ancaq bu, kritik hallarda Rusiyanın yanında kimlərin duracağı sualına konkret cavaba təminat vermir.

Bunun fonunda Azərbaycanın yeni tarixi mərhələdə TDT ilə əlaqələri prioritet istiqamət kimi göstərməklə ardınca strateji tərəfdaş və müttəfiqlərin sayının artırılmasını ön plana çıxarması mükəmməl siyasi-diplomatik gediş təsiri bağışlayır. Yəni, yeni mərhələdə strateji tərəfdaş və müttəfiqlərinin sayını TDT ilə sıx koordinasiyada və qarşılıqlı maraqları gözləməklə həyata keçirmək niyyətindədir. Bu da yeni reallığa sistemli və əsaslı yanaşma deməkdir. Eyni zamanda, Azərbaycanın seçdiyi xətt tam aydındır – TDT tərkibində qlobal geosiyasi proseslərdə fəallığı yeni səviyyəyə yüksəltmək. Hədəf aydın və konkretdir!

Burada strateji tərəfdaşlıq səviyyəsində Azərbaycan üçün mühüm əhəmiyyəti olan bir neçə məqamı vurğulamaq gərəkdir. Öncə onu qeyd edək ki, Azərbaycan uğurla strateji tərəfdaşlıq çərçivəsində enerji istiqamətində əməkdaşlığı inkişaf etdirməkdədir. Bu sırada Azərbaycanın Avropa dövlətləri ilə həyata keçirdiyi koordinasiyalı enerji siyasəti ciddi əhəmiyyət kəsb edir. Bu siyasətin ana xəttini Ulu Öndər Heydər Əliyevin enerji strategiyasının təşkil etdiyi məlumdur. Uzun illərdir ki, Prezident İlham Əliyev həmin çərçivədə müxtəlif istiqamətlərdə dövlətlərarası münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Artıq Avropanın doqquz dövləti ilə Azərbaycan strateji tərəfdaşdır: "Biz Avropa İttifaqına üzv olan doqquz dövlət ilə strateji tərəfdaşlıq sazişini və bəyannaməsini imzalamışıq" (10). İndiki mərhələdə həmin əməkdaşlıq səviyyəsini Bakı enerji istiqamətində konkret məzmunlaşdırır.

Hazırda geosiyasi situasiyanın gərgin olduğu və ayrıca Cənubi Qafqazda nüfuz uğrunda kəskin Qərb-Rusiya rəqabətinin getdiyini hər kəs görür. Bundan başqa, Avropanın Fransa kimi güclü dövləti Azərbaycana qarşı iftira mövqeyi tutaraq regionda vəziyyəti daha da gərginləşdirməyə çalışır. Buna qarşılıq Azərbaycan təmkinli, real və əməkdaşlığa istiqamətlənmiş siyasəti ilə həm Aİ ilə strateji tərəfdaşlığı qoruya bilib, həm də son zamanlar bu təşkilat Azərbaycanın Orta dəhliz siyasətini və onun tərkib hissəsi olan Zəngəzur dəhlizini dəstəklədiyini rəsmi bəyan edib. Bununla Azərbaycan ciddi diplomatik və geosiyasi uğur əldə edib. Çünki Aİ-nin də rəsmi olaraq Fransa kimi pozucu qüvvələrin deyil, məhz Azərbaycanın təşəbbüslərinin yanında olduğunu açıq bildirməsi qlobal geosiyasətdə mühüm hadisədir.

Rusiya və Çinin də Azərbaycanın enerji siyasətini dəstəklədiyi məlumdur. Türkiyə zatən əvvəldən Azərbaycanla eyni mövqeyə malikdir. İran məsələsi hələlik açıq qalsa da, Tehranın başqa yolunun olmadığı getdikcə hətta rəsmi Tehrana da aydın olmağa başlayır.

Bu məqamda bir özəlliyi vurğulamaq lazımdır. Məsələ ondan ibarətdir ki, Azərbaycan enerji siyasətini real olaraq TDT ilə sıx əlaqələndirir. Azərbaycan real olaraq TDT üzvü kimi bütün xarici siyasət istiqamətlərində, o cümlədən enerji siyasətində prinsipial məqamları gözləyir. Deməli, faktiki olaraq, Azərbaycan xarici siyasətində TDT faktorunu uğurla və davamlı şəkildə prioritet faktor kimi həyata keçirir.

Bu prosesin fonunda Cənubi Qafqazda gedən geosiyasi proseslərin bir sıra məqamları diqqəti çəkir. Biz Ermənistan və Gürcüstanın hazırda regional miqyasda geosiyasi durumlarını nəzərdə tuturuq. Baxmayaraq ki, ən çox təzyiq obyekti Azərbaycandır, buna rəğmən, məhz Bakı bütün maneələri dəf edərək inamla irəliləyir. Təəssüf ki, qonşularımız haqqında bunu deyə bilmirik.

Belə ki, Ermənistan indi daxili və xarici təzyiqlərin məngənəsində sıxılır. İrəvanın küçələrində xaos artır və eyni zamanda, keçmiş prezidentlər bir-birinə qarşı ittihamlarını artırıblar. Erməni siyasətçilərin bir-birini təkzib edən fikirlər söyləməsi təsadüfi deyildir. Çünki bütövlükdə erməni dövlətçiliyi böhrandadır. Onlar hələlik gələcək mövcudolma xəttini müəyyən edə biliblər. Bu səbəbdən də tərəddüdlü geosiyasi mövqe tutmaqda davam edirlər. İndi bır sıra ekspertlər Ermənistanın Qərbə geosiyasi reverans etdiyinə inanır. Ola bilsin ki, hansısa cəhd vardır ki, onun fonunda Rusiyanı ittiham edən erməni siyasətçilər tapılır. Lakin bu, reallığa uyğundurmu? Yəni, rəsmi İrəvanın gücü çatarmı ki, Rusiyadan geosiyasi anlamda qopub Qərbə inteqrasiya olsun? Və ümumiyyətlə, Ermənistanın Qərbə inteqrasiyası nə deməkdir?

Nə qədər ki, bu kimi anlayışların konkret siyasi və geosiyasi məzmunu mövcud deyildir, Ermənistan geosiyasi olaraq qeyri-müəyyənlik içində qalacaqdır. Hələlik erməni siyasətçilərin bu böhrandan çıxış formulu gözə dəymir.

Gürcüstanın da geosiyasi aspektdə seçimi böhranlı durumla üz-üzədir. İndi Tbilisinin də küçə və meydanları izdihamlıdır. Qərb və rusiyayönlü insanlar qarşı-qarşıya dayanıblar. Siyasətçilər də bundan istifadə etməyə çalışırlar. Əslində isə dövlətin geosiyasi vəziyyəti bundan itirir. Gürcüstan xaosa yuvarlana bilər. Bundan təbii ki, regional təhlükəsizlik risk altına düşə bilər. Cənubi Qafqazın indi müşahidə edilən geosiyasi sabitliyi pozular.

Bunlar bir daha Azərbaycanın xarici siyasətdə strateji tərəfdaşların və müttəfiqlərin sayının artırılması istiqamətində fəallaşmasının ciddi əhəmiyyət kəsb etdiyini göstərir. Faktiki olaraq, Bakı regionun geosiyasi xilaskarına çevrilir, onun hər bir yükünü öz çiyninə götürmüş olur. Bu məqam özlüyündə Azərbaycanın fərqli geosiyasi statusa yüksəldiyi anlamını verir.

Strateji tərəfdaşlıqla müttəfiqlik arasında fərqlərdən biri vurğulanan kontekstdə daha aydın görünür. Belə ki, strateji müttəfiqlik daha çox sferalar üzrə əməkdaşlığa üstünlük verir. Strateji müttəfiqlər sosial, iqtisadi, siyasi, geosiyasi aspektlərlə yanaşı, təhlükəsizlik və müdafiə sferalarında da yüksək əməkdaşlıq formatına əməl etməlidirlər.

Azərbaycanın TDT çərçivəsində fəaliyyəti bu formata tam uyğundur. Deməli, xarici siyasətdə strateji tərəfdaşlıq və müttəfiqlik artıq konkret formatda dəqiq məzmun almaqdadır. Bu istiqamətdə həmin xəttin uğurla inkişaf etməsi üçün lazım olan baza mövcuddur. Yeni tarixi mərhələdə Bakının strateji tərəfdaşlıqla müttəfiqlikdə müstəqil dövlətlərə yeni nümunələr göstərəcəyinə şübhə yoxdur!

Mənbələr

Kissinger, H. Diplomacy. New York: Simon & Schuster, 1994, 912 pp. Kissinger, H. World Order. New York: Penguin Books, 2015, 432 pp. Новиков, И.А. Стратегическое партнерство как феномен международной политики. Вестник Волгоградского государственного университета. Серия 4: История. Регионоведение. Международные отношения. – 2010 – № 1 (17) – С. 117-124 Михайленко, А.Н. Стратегическое партнерство и союзничество в международных отношениях // Этносоциум и межнациональная культура, 2023, № 9 (83), s. 9-21 Договор о коллективной безопасности // URL: https://docs.cntd.ru/document/1900489 Выступление Министра иностранных дел Российской Федерации С.В. Лаврова на заседании Комиссии Генсовета партии "Единая Россия" по международному сотрудничеству и поддержке соотечественников за рубежом, Минск, 30 июня 2022 года // URL: https://www.mid.ru/ru/foreign_policy/news/1820115/ К предстоящему официальному визиту в Российскую Федерацию Министра иностранных дел Республики Таджикистан С.Мухриддина // URL: https://www.mid.ru/ru/ foreign_policy/news/1828515/ Выступление и ответы на вопросы СМИ Министра иностранных дел Российской Федерации С.В. Лаврова в ходе совместной пресс-конференции по итогам переговоров с Министром иностранных дел Республики Казахстан М.Б. Тлеуберди, Нур-Султан, 9 октября 2019 года // URL: https://www.mid.ru/ru/foreign_ policy/news/1471875/ Декларация о союзническом взаимодействии между Российской Федерацией и Азербайджанской Республикой. 22 февраля 2022 года // http://www. kremlin.ru/supplement/5777 Prezident İlham Əliyev Şuşada "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda beynəlxalq konfransda iştirak edib. 3 may 2023 // https://president.az/az/articles/view/59576


MANŞET XƏBƏRLƏRİ