Milli fəlsəfi fikir tariximiz: MƏHƏMMƏD HİDƏCİ


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

I Yazı

Axund Molla Məhəmməd Hidəci/Hidəcli (1853-1928) Azərbaycanın Xəmsə vilayətinə bağlı və Zəncan şəhərinin yaxınlığında yerləşən Hidəcdə (Hiyədə) dünyaya gəlmişdir. [1] O, Hacı Axund Hidəci, Molla Məhəmməd Hidəci, Həkim Hidəcli adları ilə tanınıb ki, adının önündə “həkim” sözünün olması fəlsəfə ilə dərindən maraqlanması və əsərlərində fəlsəfi düşüncələrin öz əksini tapması ilə bağlı olmuşdur. Onun atası Molla Məsuməli də ruhani və din alimi olmuşdur. O, ilk təhsilini Hidəc kəndində atasından almış, daha sonra kənd mədrə­səsində oxumuşdur. Hidəci Türk, Fars və Ərəb dillərinə bələd olub, Azərbaycan türkcəsinin Zəncan şivəsində yazıb yaratmışdır.

1879-cu ildə dini biliklərini və elmi dünyagörüşünü artırmaq üçün Qəzvinə gedən Hidəci buranın Həsənxan-Hüseynxan mədrəsəsində sərf-nəhv, məntiq, əxlaq və bəyan elmlərini öyrən­mişdir. Qəzvində təxminən beş il təhsil alan Hidəci, bəzi qeydlərə görə Qəzvin elmiyyə hövzəsində (mədrəsə) Seyid Əli Xoyinin şagirdi olmuş, əqli elmlər və fəlsəfəyə maraq göstərmişdir.

O, Qəzvindən sonra Tehranda “Əbdullahxan” və “Darül­şəfa” mədrəsələrində öz dövrünün seçkin alim-müəllimlərindən olan Mirzə Hüseyn Səbzvari, Əbülhəsən Cilvə və başqalarından təhsil almışdır. Onların təsiri ilə Hidəcinin həyata baxışında yeni fikirlər foemalaşır. Hidəci 1887-ci ildə Tehranda elmi biliklərini tamamladıqdan sonra “müctəhid” adını almaq üçün Nəcəfə getmişdir. [2] Nəcəfdən sonra Kərbəla, Məşhəd və digər şəhərlərdə də olan Hidəci Məkkəyə gedərək hacı ünvanına da sahib olmuşdur.

O, ömrünün son iyirmi beş ilini Tehranın Münriyyə mədrəsəsində tədris ilə məşğul olmuşdur.[3]

Ömrünün son illərində ciddi şəkildə xəstələnən Hidəci Tehranda vəfat etsə də, onun nəşini Qum şəhərinə aparıb “Tekye Tovliyət” deyilən yerdə dəfn etmişlər. [4]

Hidəcinin əsərləri aşağıdakılardan ibarətdir: 1. “Təliqə ələl şərhi mənzumə”, 2. “Təliqə ələl əsfar”, 3. “Risaleyi duxaniyyə”, 4. “Danışnamə”, 5. “Kəşkül”, 6. “Vəsiyyətnamə”, 7. “Məktubat”, 8. Farsca şeir divanı, 9. Türkcə şerilər divanı və b.

Şərq ədəbiyyatı və fəlsəfəsi, o cümlədən Türk, Ərəb, Fars ədəbiyyatı və fəlsəfəsi ilə dərindən tanış olan Hidəci fars dilində yazan şair-mütəfəkkirlər arasından Firdovsi, Nizami və Hafizə daha çox diqqət etmiş, onların əsərlərini şərh etmişdir. Məsələn, Həkim Hidəci fars mütəfəkkiri Əbülqasim Firdovsiyə bir nağılçı kimi baxıb satirik dil ilə onu sadəcə “elm axtaran” adlandırmışdır. Xüsusilə də, o, farsca yazdığı “Danışnamə” mənzuməsində Firdovsini nağılvari (narrativ) tarixçiliyinə görə çox tənqid etmişdir.

Hidəcinin Azərbaycan Türk şair-mütəfəkkiri, filosofu Nizami Gəncəviyə münasibəti isə çox yüksək səviyyədə olmuşdur. Həkim Hidəci, Nizami Gəncəvini fəlsəfi və irfani dünyagörüşünü şərh edərkən onun elmini bir çox mütəfəkkirlər üçün örnək hesab etmişdir. O, Nizaminin “Sirlər xəzinəsin”də olan mövzuların təsiri altında bir çox məsnəvilər qələmə almışdır. Hətta, onun məsnəvi­ləri Nizaminin beytləri ilə çox səsləşməkdədir. Bu anlamda, Hidə­cinin fəlsəfi dünyagörüşünün formalaşmasında Nizaminin təsiri çoxdur və bunu, onun fəlsəfi şeirlərində dərhal hiss etmək olur.

Həkim Hidəci Nizami Gəncəvidən sonra dəyər verdiyi, hörmət bəslədiyi ikinci mütəfəkkir isə Şirazlı Hafiz olmuşdur. Hidəci fars şeirinin söz ustadı olan Hafiz Şirazinin yüksək ruhunu sevmiş, onun təsiri altında söz xəzinəsini “xırdalamışdır”. Hər iki şairi yaxınlaşdıran dini çəkişmələrə, təriqət ayrılığına qarşı nifrət hisinin güclü olması, saf bəşəri duyğuların tərənnümü idi. [5]

Həkim Hidəcinin “Danışnamə” və divanına ön söz yazan Qulamhüseyn Rzanejad Mirzə Hüseyn Səbzvarinin “Şərhi-mənzumə”sinə yazılan “Təliqə”ni oxuyaraq belə bir nəticəyə gəlmişdir ki, Həkim Hidəcinin fəlsəfi düşüncələri və haşiyələri bu sahədə ən əhatəli, ən ecazkar hesab olunmalıdır. Belə ki, Həkim Hidəci İbn Sinanın “Şəfa”, “İşarət”, “Tənbihat” və başqa əsərlərini, eləcə də Molla Sədranın “Əsfar” kitabını tam öyrənmiş və fəlsəfi şərhlər vermişdir. Rzanejada görə Həkim Səbzəvarinin şagirdi Hacı Mirzə Həsən vasitəsilə Hidəci ona yaxın sayılarmış ki, məhz Səbzavarinin mənzumə mübahisələrini ondan dinlədiyi üçün belə gözəl, əhatəli, dəyərli fəlsəfi fikirlər yazmışdır.[6] Hidəcinin Mirzə Hüseyn Səbzvarinin “Şərhi-Mənzumə” kitabına yazdığı “Təliqə” isə üç hissədən ibarətdir:

1. “Haşiyə ləali müntəzimə və şərhi mənzuməti məntiq”,

2. “Təliqəqi ğurur-əl fərayed”,

2. “Fi qəvaed-ol-hokəm”.

O, “Təliqə” kitabının sonuna bir neçə səhifədən ibarət olan “Fi qəvaed-ol-hokəm” risaləsini fəlsəfəni öyrənən tələbələrə yardım üçün yazmışdır. [7]

Hidəcinin şeirləri daha çox fəlsəfi mahiyyət daşıyıb demək olar ki, divanlarında onun bu ruhda olmayab bir beyti belə tapılmaz. O, şeirdə özünü bir fəlsəfə müəllimi kimi görür və sanki tələbələrinə dərs demək üçün əlinə qələm almşdır. Bu baxımdan Hidəcinin varlıq, varlığın birliyi, surət və həyula, təcəlli, təslim və riza, eşq və digər anlayışlara nəzər yetirmək yaxşı olardı.

Hidəciyə görə Varlıq əsldir, bütün varlıqların qaynağı Odur və məhz xeyirdir. Şəxsi və zatı vəhdəti ilə xalis və vacibdir, yəni yalnız bir vardır ki, o bir “Sahibi rəna”dır, “Haqq”dır: “Lavəcudə la məcudə elləl həq”. Hidəci deyir ki, Haqqın sifətləri onun zatından naşidir, yəni zahirdədir, batində deyildir. Bütün şeylərin, yəni təcəssüm tapan hər nə varsa onun zatı, mahiyyət və surətləri əzəl olan Əzəldi. Haqq elmində və bilgində sabitlər və haqq onları bilirdi. Bunlara “əyani sabitə” deyilir. Bu bilgi isə haqqın zatındadır və haqqın təcəllisi ilə bu şeylər və eynlər zühur edərlər. Əgər Haqq-Taala müticəlli olmasaydı, bu əyan sabit də zühur etməzdilr və beləliklə bütün varlığın yaranması və zühuru onun təcəllisi səbəbi ilədir. Əgər Haqq ondan törəyən varlıqlardan qeyb edərsə, dünya mənasını əldən verər. O, yazırdı:

Əsdi əgər yel, yedi dərya təkan,

Mövcü hübab özündə əyan.

Yel ki, o çag boşladı dəryanı, bu

Mövcü hübabı dolanıb oldu su.

Burda, babam, bil, bu məsəldən murad,

Mövc, sudan başqa deyil özgə zad.[8]

Yaxud da:

Vahid əgər olmaya, olmaz ədəd,

Eyləməyib bu sözü bir kimsə rəd.

Hər ədədə baxdə baxıb vahidə,

Bu sözü olmaz deyesən zahidə.[9]

Hidəciyə görə Varlığn birliyinə (Vəhdəti-Vücuda) inananlar deyirlər: “La məvcudə səveyəl Haqq”. Yəni Haqdan başqa varlıq yoxdur. Bir də deyirlər: “Ləysə feldar ğeyrohu dəyyar”. Bu o deməkdir ki, bütün göylər, yerlər, canlı, cansız, bitki, bir sözlə gördüyümüz və hiss etdiyimiz hər şey Haqdan naşidir və özlərinin müstəqil vücudları yoxdur. Başqa sözlə desək, birlik və vəhdət Haqq-Taala zatın istiqlalı anlamındadır. Belə ki, onun varlığının istiqlalı səbəbi olur ki, başqa heç bir varlıq müstəqil ola bilməsin və bütün varlıqlar “zilli” (onun bir parçası) və “təbii” (öz təmsilçisi kimi) olsunlar. Yəni, bütün varlıqlar Onun bir parçası və nümayəndəsi kimidirlər, hər nə varsa Onun zühuratı və təcəlliyatıdır. Başqa tərəfdən bütün varlıqlar “zühurat” olaraq, əsillərindən, yəni Haqq-Taalanın zatından ayrı deyildirlər. Çünki, əgər ayrı olsaydılar, ondan Allahın mövludları hesaba gəlirdilər, halbuki, Allah doğulmur (ləm yəlid). Allah buyurur: “və hovə məkon əynəmə kontom”, yəni harada olsanız, O, sizinlədir. Bu o deməkdir ki, Allahın bütün varlıqlara nisbətini günəş kimi müqayisə etsək, o zaman bütün varlıqlar da Ona şua kimi və ya kölgə kimidirlər. Hidəci yazırdı:

Bu söz əgər batilü gər haqqdır,

Bir də məsəl “məsdər”ü “müstəqq”dir.

Bil həqqi məsdər kimi, əsli kəlam,

Aləmi-həqqin kəlimatı tamam.

Məsdərü müstəqqidə yox fərq çox,

Məsdər əgər olmaya, müstəqq yox.

Çün çapısıb mütləqə çulğaşdı qéyd,

Çəkdi qılınc birbirinə Əmrü Zéyd.

Bu iki düşmən barışarlar o gün,

Qalmaya mütləqdə nişan-i düyün.

Ol ki, tutar mütləqi, qéydi atar,

Məsdərə, müstəqqi görəndə baxar.

Mən baxaram hər kimə, görrəm onu,

Bir kəsə bənzər, ola doqquz donu.

Vacibu mümkün həsəbi-etibar,

Burda tapar fərq, əya huşiyar!

Güzgü və üz bir-birinə oxşadı,

Bəzi azıb güzgüyə də “üz” dedi.

Bu sözə bavər yoxu əhli-kəlam,

Mən də əqidəm bu deyil, ey balam![10]

[1] Mümtaz Salman. El şairləri. I hissə. Bakı, Azərnəşr, 1935, s.314-315

[2]Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. 4 cilddə, 1-ci cild. Bakı, “Elm”, 1981, s.139

[3] Mirəyeva Lətifə. XIX əsrin talesiz şairi. “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalı, Bakı, 2019, sayı 2. s. 254

[4]Şahaliyeva Mətanət. Cənubi Azərbaycan poeziyasının inkişaf problemləri (XIX əsrin ikinci yarısı). Bakı, Elm və təhsil, 2019, s.191

[5]Şahaliyeva Mətanət. Cənubi Azərbaycan poeziyasının inkişaf problemləri (XIX əsrin ikinci yarısı). Bakı, Elm və təhsil, 2019, s.200

[6] Yenə orada, s.194

[7] Cavad Heyət, Azərbaycan ədəbiyyatı tarixinə bir baxış. İki cilddə , II cild. Bakı, “Azərbaycan” nəşriyyatı, 1998, s. 277

[8] Hidəci Məhəmməd. Qitələr // XIX əsr Azərbaycan ədəbiyyatı (poeziya) iki cilddə - I cild. Bakı, “Nurlar” NPM 2009, s.557

[9] Yenə orada, s.558

[10] Hidəci Məhəmməd. Qitələr // XIX əsr Azərbaycan ədəbiyyatı (poeziya) iki cilddə - I cild. Bakı, “Nurlar” NPM 2009, s.558


MANŞET XƏBƏRLƏRİ