“Rusiya danışıqlar üçün vasitəçi axtarır” - Lavrov Braziliya və Hindistandan nə istəyib?


Kreml çox güman ki, Ukraynaya qarşı müharibədə beynəlxalq vasitəçilik missiyası yaratmağa çalışır. Lakin eyni zamanda da, Rusiya tərəfi ukraynalılarla vicdanlı əsaslarda danışıqlar aparmaq istəmədiyini nümayiş etdirir.

Turkustan.az xəbər verir ki, ABŞ Müharibənin Araşdırılması İnstitutunun (ISW) hesabatında belə deyilir.

Qeyd olunur ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov sentyabrın 9-da Səudiyyə Ərəbistanında Rusiya-Fars Körfəzi Əməkdaşlıq Şurasının iclası çərçivəsində Braziliyanın Xarici İşlər naziri Mauro Vieira və Hindistanın Xarici İşlər naziri Subrahmanyam Caişankar ilə görüşüb. Lavrov həmsöhbətləri ilə Ukraynadakı müharibəni müzakirə edib. Lakin Rusiya Xarici İşlər Nazirliyi görüşün təfərrüatlarını açıqlamayıb: “Braziliya və Çin Xalq Respublikası may ayından etibarən altı bənddən ibarət “Ukrayna böhranının siyasi həlli” sülh planını irəli sürüb və bu planın əsas prinsipləri Rusiyanın xeyrinədir. Hindistanın Baş naziri Narendra Modi isə bu yaxınlarda Kiyevə gələrək Hindistanın beynəlxalq hüquq prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında Ukraynada sülhün bərqərar olmasını dəstəklədiyini rəsmən elan edib. Eyni zamanda, Lavrov Rusiyanın Ukrayna ilə vicdanla danışıqlar aparmaq istəmədiyini nümayiş etdirən Kremlin şablon narrativlərini təkrar edərək, Ukraynanın “sülh formulu”nun “ultimatum” olduğunu iddia edir. Onun sözlərinə görə, Rusiya Ukraynanın bu planına heç vaxt ciddi yanaşmayıb”.

Beləliklə, amerikalı mütəxəssislərin fikrincə, Rusiya Ukrayna ilə bağlı danışıqlar üçün bir tərəfdən beynəlxalq vasitəçilik missiyası yaratmağa çalışsa da, digər yandan, Ukrayna ilə bağlı kapitulyasiya xarakterli tələblərindən də əl çəkmir. Bu isə danışıqların perspektivini və mənasını sual altına alır. Çünki Ukrayna tərəfi heç bir halda kapitulyasiya şərtlərilə danışıqalra və sülhə getməyəcək.

Bundan öncə, Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak deyib ki, Ukrayna ilə Putin arasında indiki mərhələdə hər hansı dialoq heç bir nəticə verməyəcək. Ukrayna Prezidenti Volodimir Zelenski isə hələ avqustun 27-də deyib ki, “bu gün Putinlə dialoq mənasızdır, çünki o, Ukrayna torpaqlarının ən azı 30%-ni ələ keçirməyə çalışır”. Zelenskinin sözlərinə görə, Putin güzəştə getmir və sadəcə, Ukraynanı məhv etmək istəyir.

Onu da xatırladaq ki, son qısa zaman kəsiyində Rusiya tərəfi, Putin başda olmaqla, Ukrayna ilə danışıqların şərtlərilə bağlı bir neçə fərqli mövqedən çıxış edib. Ukraynanın Kursk əməliyyatından bir müddət əvvəl sülh danışıqlarıyla bağlı Putin bəyan etdi ki, bunun üçün Ukrayna Xerson, Zaporojye və Donetsk vilayətlərinin hələ işğal olunmayan ərazilərini tərk etməlidir. Kursk hücumundan az sonra isə dedi ki, Ukaryna ilə hər hansı danışıq mümkün deyil. Bir neçə gün əvvəl isə bəyan etdi ki, Rusiya Ukrayna ilə 2022-ci ildə qeydə alınan “İstanbul razılaşmaları” əsasında danışıqlar aparmağa hazırdır.

Göründüyü kimi, Kremlin bu qeyri-ciddi və dəyişkən mövqeyi bir tərəfdən Putinin müharibənin, qan tökülməsinin, qırğınların davam etdirilməsində maraqlı olduğunu göstərirsə, digər tərəfdən də onun vahid mövqe və plan ortaya qoymaqda, eləcə də müharibədə əzici üstünlük qazanmaqda çətinlik çəkdiyini ortaya qoyur. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ