Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı


Məlum olduğu kimi, Ramiz Mehdiyev 23 oktyabr 2019-cu il tarixində Prezident Administrasiyasının rəhbəri vəzifəsindən qovulduqdan sonra AMEA-nin prezidenti vəzifəsinə gətirildi. Amma onun AMEA-dakı “bildirçin bəyliyi” uzun sürmədi. Cəmi 2 il 4 aydan sonra, yəni 14 fevral 2022-ci ildə tələm-tələsik bu görəvindən də alınıb istirahətə göndərildi.

Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz deyib.

O bildirib ki, bunun səbəbi Ramiz Mehdiyevin AMEA-da da “dinc durmamasıdır”:

“O, Rusiyaya bağlı komandasını başına toplayaraq, mübahisəli iclaslar keçirirdi. Onun təşkil etdiyi ən qalmaqallı toplantı isə 2021-ci il dekabr aynın 20-də Azərbaycan Elmlər Akademiyasının kitabxanasında baş tutan “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər” adlı beynəlxalq dəyirmi masa olmuşdu.

Dəyirmi masada rus politoloqları ilə yanaşı, “5-ci kolon” mənsubu yerli mütəxəssislər də iştirak edirdi. Az qala Türkiyə ilə Azərbaycan arasında insidentə səbəb olan ən qalmaqallı çıxış isə xüsusi tapşırıqlar üzrə səfir Pərvin Mirzəzadədən gəlmişdi. Mirzəzadə çıxışında Azərbaycanın Suriyada hərbi əməliyyatlar aparan rus təyyarələrinə hava sahəmizi açdığımızı rəsmən bəyan edərək demişdi: “Biz Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatı dəstəkləyirik. Təsadüfi deyil ki, Suriyaya uçüş həyata keçirən bir sıra rus hərbi təyyarələri Azərbaycanın fəzasından istifadə edirlər”.

Xüsusi diplomatın bu sözləri qəbullanacaq deyildi. Çünki həmin vaxt rus təyyarələri Suriyada türk əsgərlərini və ya Türkiyəyə bağlı qrupları bombalayırdı. Belə çıxırdı ki, bu bombardmanı həyata keçirən təyyarələrin Suriyaya uçmasına Türkiyənin ən yaxın müttəfiqi sayılan Azərbaycan şərait yaradırdı”.

Politoloq xatırladıb ki, bu toplantıdan və bu barədə məlumatların tirajlanmasından 50 gün sonra Ramiz Mehdiyev Akademiyadan da istefa verməyə məcbur oldu./axar.az


MANŞET XƏBƏRLƏRİ