Putinin gizli lüks evi üzə çıxdı: Finlandiya sərhədindən 30 km... – VİDEO


Rusiya prezidenti Vladimir Putinin Finlandiya sərhədindən 30 kilometr aralıda dəbdəbəli bağ evi olduğu iddia edilib. Dəbdəbəli bağ evinə avtomobil nəqliyyatı yoxdur, ancaq gölün üzərindən yaxta və hava yolu ilə getmək olur.

Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin var-dövləti martın 15-də keçiriləcək prezident seçkiləri öncəsi açıqlanıb. Rəsmi olaraq Rusiya lideri Putinin 78 kvadratmetrlik mənzili, 18 kvadratmetrlik qarajı, 3 avtomobili, 10 müxtəlif bank hesabında 54,4 milyon rublu (606 min dollar) və Sankt-Peterburqda bir evi var. Onun Sankt-Peterburq bankında 230 səhminin olduğu bildirilib.

Putinə məxsus dəbdəbəli evlər və saraylar tez-tez rusiyalı müxaliflər tərəfindən yoxlanılır. Bu dəfə Putinin Finlandiya sərhədindən cəmi 30 kilometr aralıda göl kənarında dəbdəbəli bağ evi olduğu iddia edilib. Rusiyanın müxalifətçilərindən olan Mixail Xodorkovskiyə məxsus “The Dossier Center” adlı araşdırma mərkəzi sosial şəbəkə hesablarında Putinə məxsus olduğu iddia edilən bağ evinin görüntülərini paylaşıb. Araşdırma mərkəzindən İlya Rojdestvenskinin verdiyi məlumata görə, dəbdəbəli bağ evi Kareliya bölgəsindəki Ladoqa gölünün Marjalahti körfəzinin sahilində yerləşir. Lüks bağ evinin ətrafında 2 helikopter meydançası, hava hücumundan müdafiə sistemi, estakada, heyvan ferması və 4 metrlik şəlalə var. Dəbdəbəli bağ evinə avtomobil nəqliyyatı yoxdur, ancaq gölün üzərindən yaxta və hava yolu ilə getmək olur.

Ətrafının tikanlı məftillərlə əhatə olunduğu deyilən ev gecə-gündüz izlənilir. Putinin səfərləri zamanı təhlükəsizlik Federal Təhlükəsizlik Xidməti tərəfindən təmin edilir, evin ətrafında və qonşu adalarda geniş təhlükəsizlik tədbirləri görülür. Bölgədəki yerli jurnalistlər gizli bağ evi ilə bağlı 2016-cı ildə xəbər tutsalar da, heç kimin ələ keçirilmədiyi öyrənilib. Yerli sakinlərdən birinin sözlərinə görə, Putin ən azı ildə bir dəfə yaxınlıqdakı Valaam monastırını ziyarət etdikdən sonra dəbdəbəli bağ evinə baş çəkir. Rusiyalı milyarder Roman Abramoviçin Putinin qonşusu olduğu və Putinin dəbdəbəli bağ evi üçün öz yaxtasını ayırdığı da iddia edilib.

Dəbdəbəli evə xərclənən pulların Kremlə dost oliqarxlarla əlaqəli şirkətlər tərəfindən maliyyələşdirildiyi iddia edilirdi. İddialara görə, bağ evinin tikildiyi torpaq “Putinin bankiri” kimi qələmə verilən rusiyalı iş adamı Yuri Kovalçuka məxsusdur. Lakin Putin üçün bağ evi tikilməyə başlayanda iş adamına məxsus torpaq sahəsi genişləndirilib və milli parklara aid torpaqlar əlavə edilərək ümumi ərazi 400 hektara çatdırılıb. Eyni zamanda, ərazidəki şəlalə də qanunsuz olaraq bağçanın ərazisinə daxil edilib. Hələlik Kremldən heç bir açıqlama verilməyib. Digər tərəfdən, həbsdə olan rusiyalı müxalifət lideri Aleksey Navalnı 2021-ci ildə "Putinin sarayı" adlı video paylaşaraq, bunun Putinə aid olduğunu iddia edib. Putin isə Qara dəniz sahilində olduğu deyilən sarayın ona aid olduğu iddiasını rədd edib.

Eltac Züflüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ