Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ölümü ilə bağlı söz-söhbətlər səngimir.
Onun 23 avqust tarixində öldüyü rəsmi olaraq açıqlansa da, fərqli düşünənlərin sayı getdikcə artmaqdadır. Bəzi maraqlı nüanslar Priqojinin ölmədiyi iddiasını gündəmə gətirir. Məsələn, Priqojinin öldüyü açıqlanan gündə Moskvadan Sankt-Peterburqa “Vaqner” rəhbərinə məxsus iki təyyarənin havaya qalxdığı önə sürülür. Lakin ikinci təyyarə öndə gedənin vurulmasının həmən ardından geri qayıdıb. İkinci təyyarənin “Vaqner”lə heç bir əlaqəsinin olmadığı açıqlansa da, şübhələr bitməyib. Üstəlik, Priqojinin vurulan təyyarəyə mindiyini sübut edən faktlar da yoxdur.
Bununla yanaşı, “Vaqner”in içərisində şəxsiyyət vəsiqəsində adı Yevgeni Priqojin olan bir neçə nəfərin olduğu üzə çıxıb. Bəzi mənbələr isə Priqojinin bir neçə oxşarının olduğunu və özünün bəzən başqa obrazlara girdiyini də söyləyir. Hətta bunlarla bağlı faktlar da mətbuatda yayımlanıb. İstər Rusiyada, istərsə də dünyanın bir çox ölkəsində Yevgeni Priqojinin ölmədiyi, özünün tək və ya Rusiya Prezidenti Vladimir Putin ilə bu oyunu səhnələşdirdiyi iddia olunur.
Maraqlıdır, bu iddialar həqiqət ola bilərmi? Yevgeni Priqojin hazırda yaşayır?
Türkiyəli təhlükəsizlik və terror məsələləri üzrə ekspert Abdullah Ağar Konkret.az-a açıqlamasında bildirib ki, Yevgeni Priqojinin ölümü ilə bağlı müxtəlif versiyalar var:
“Mən konkret olaraq, 5 ehtimalın üzərində dayanıram. Birincisi, Priqojinin həqiqətən qəza nəticəsində ölməsidir. İkincisi, Rusiyanın torpaqlarına təcavüz edən, qırmızı xətlərini keçən, habelə ölkənin suverenliyini, iradəsini və prestijini yerlə-yeksan edən “Vaqner” liderinin Kreml və ya Prezident Vladimir Putin tərəfindən cəzalandırılması ehtimalıdır. Üçüncüsü, Priqojinin gücü, əlaqələri, etdikləri və edəcəklərini nəzərə aldıqda, onun ortadan qaldırılmasının həssaslıqla qarşılana biləcəyinin proqnozlaşdırılmasıdır. Bu halda, Putin və ya Kreml ilə Priqojin arasında belə bir oyun oynanılmış ola bilər. Düşünürəm ki, bu ehtimal da olduqca realdır”.
Ekspert vurğulayıb ki, Priqojin ölümünü özü də səhnələşdirə bilər:
“Dördüncü ehtimala əsasən, işlərin pisləşdiyini görən Priqojin bağlantılarından istifadə edərək özünü yalandan “öldürməyi, yox etməyi” səhnələşdirə bilər. O, bu planı ya daimi olaraq, ya da vəziyyətin dəyişməsindən asılı olaraq keçici müddətlik icra edə bilər. Beşinci ehtimal isə Rusiyanın yaşadığı çətinlikləri və böhranı dərinləşdirmək üçün mübarizə apardığı ölkələrin kəşfiyyat idarələrinin biri və ya bir neçəsi tərəfindən keçirilən əməliyyatla Priqojinin həqiqətən öldürülə biləcəyidir”.
Abdullah Ağar hesab edir ki, “Vaqner” lideri hazırda həyatda ola bilər:
“Buradakı üçüncü və dördüncü versiyalar Priqojinin ortadan qaldırılmasının səhnələşdirilmiş ola biləcəyini göstərir. Bəs belə bir şey ola bilərmi? Açıqcası, mən bu ehtimalların mümkün ola biləcəyini düşünürəm”.