İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ın yenidən silahlanmasına imkan verməyəcəklərini bildirərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sərt açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Katz sosial media hesabında İsrailin Qəzza, Livan və İordan çayının qərb sahilinin şimalında həyata keçirdiyi əməliyyatların davam edəcəyini bildirib.
Katz HƏMAS-a istinadla Ərdoğanı “yoldaşlarını Antalyaya dəvət etməyə” çağırıb və əlavə edib ki, Türkiyə Prezidenti “Qəzzaya ayaq basmayacaq”.
İsrail müdafiə naziri qeyd edib ki, əməliyyatlar İsrailin təhlükəsizlik məqsədlərinə çatana və 7 oktyabr 2023-cü ildə HƏMAS tərəfindən həyata keçirilən hücumun təkrarlanmasının qarşısını alacaq şərait yaradılana qədər davam edəcək.
Katz İsrail Baş naziri Benyamin Netanyahu ilə həyata keçirdikləri siyasətin “cihadçı terror təşkilatlarını ərazilərindən, infrastrukturundan, komandirlərindən və yenidən silahlanma imkanlarından məhrum etmək” prinsipinə əsaslandığını bildirib.
O, İsrailin bu məqsədlə Qəzza, Livan və İordan çayının qərb sahilinin şimalında fəaliyyət göstərdiyini vurğulayıb
Aytən Yaşar/ Turkustan.az