İranın sanksiyalardan yayınmaq üçün minlərlə onlayn kazinodan ibarət qeyri-qanuni şəbəkə və Dubayda fəaliyyət göstərən kriptovalyuta birjasından istifadə etdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, bu barədə Reuters agentliyinin araşdırmasında bildirilir.
Araşdırmaya əsasən, sxemin əsas həlqəsi Dubayda yerləşən və iranlı Siyavəş Kayvanpurun idarə etdiyi lisenziyasız Shelbit kriptovalyuta birjası olub. Bildirilir ki, bu platforma iranlı bloqerlər tərəfindən reklam olunan 2 mindən çox farsdilli onlayn kazinonun maliyyə əməliyyatlarını həyata keçirib.
Reuters-in məlumatına görə, Shelbit İran Mərkəzi Bankı, İranın Nobitex kriptoplatforması, eləcə də İsrail kəşfiyyatının İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirdiyi kriptocüzdanlarla birbaşa maliyyə əməliyyatları aparıb.
Araşdırmada qeyd olunur ki, analitiklər İran Mərkəzi Bankı ilə əlaqəli ən azı 125 milyon ABŞ dolları həcmində, kriptovalyuta mədənçiliyi fəaliyyəti ilə bağlı isə təxminən 20 milyon dollar dəyərində əməliyyat aşkarlayıblar.
Məlumata görə, Shelbit üzərində SEPAH-ın birbaşa nəzarəti sübuta yetirilməsə də, bəzi ekspertlər bu miqyaslı maliyyə sxeminin İranın təhlükəsizlik strukturlarının iştirakı olmadan həyata keçirilməsinin inandırıcı görünmədiyini bildirirlər.
Hazırda Dubayın Virtual Aktivlərin Tənzimlənməsi İdarəsi (VARA) Shelbit platforması ilə bağlı çirkli pulların yuyulması şübhəsi əsasında araşdırma aparır. Reuters qeyd edir ki, araşdırmada yer alan iddialarla bağlı rəsmi qurumların mövqeyi tam şəkildə açıqlanmayıb. /modern.az/az/