ABŞ-dan ŞOK QƏRAR: Viza üçün 20 min dollara qədər girov


ABŞ Dövlət Departamenti bəzi xarici ölkələrin vətəndaşlarına tətbiq edilən viza girovu proqramını daimi əsasda qüvvədə saxlamaq qərarına gəlib.

Turkustan.az xəbər verir ki, qərara əsasən, siyahıya daxil edilən 50 ölkənin vətəndaşlarından ABŞ-yə biznes (B-1) və ya turizm (B-2) vizası almaq üçün müraciət edərkən 20 min dollara qədər girov tələb oluna bilər. Yeni qaydalar avqustun 3-dən qüvvəyə minəcək.

ABŞ Dövlət Departamentinin yaydığı yekun qaydalara əsasən, əvvəlki pilot proqram çərçivəsində tətbiq edilən 5 min, 10 min və 15 min dollarlıq girov məbləğləri dəyişdirilib. Yeni sistemdə maksimal məbləğ 20 min dollara qaldırılıb, 5 min dollarlıq seçim isə ləğv edilib.

Proqrama Əlcəzair, Anqola, Banqladeş, Botsvana, Burundi, Vanuatu, Venesuela, Qabon, Qambiya, Qvineya, Gürcüstan, Kuba, Qırğızıstan, Nigeriya, Tacikistan, Tunis, Türkmənistan, Uqanda, Efiopiya və digər ölkələr daxil olmaqla ümumilikdə 50 dövlət daxildir.

Rəsmi Vaşinqtonun bildirdiyinə görə, bu girov ABŞ-də vizanın müddəti bitdikdən sonra ölkəni vaxtında tərk edəcəklərinə təminat məqsədi daşıyır. Şəxs viza şərtlərinə əməl edərək ölkədən vaxtında çıxarsa, ödənilən məbləğ tam şəkildə geri qaytarılacaq.

ABŞ administrasiyası hesab edir ki, proqram viza müddətini aşan şəxslərin sayını azaltmaq baxımından effektiv nəticə verib. Bununla belə, immiqrasiya hüquqları müdafiəçiləri yeni qaydaların xüsusilə aztəminatlı ölkələrin vətəndaşları üçün ABŞ-yə səfəri çətinləşdirəcəyini bildirərək qərarı tənqid edirlər. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ