Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa bildirib ki, Rusiyanın Ukraynaya həyata keçirdiyi kütləvi raket hücumu zamanı Rusiyaya məxsus X-101 qanadlı raketi Polşa sərhədini keçərək NATO-nun hava məkanını pozub.
Turkustan.az xəbər verir ki, nazir bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Sıbiqa qeyd edib ki, hadisə Ukraynanın hava hücumundan müdafiə sistemlərinin təcili şəkildə gücləndirilməsinin vacibliyini bir daha ortaya qoyur.
"Rusiyanın Ukraynaya qarşı gecə həyata keçirdiyi genişmiqyaslı hücum zamanı X-101 qanadlı raketi Polşa ərazisini keçərək NATO-nun hava məkanını pozub. Bu, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinin təkcə ölkəmiz üçün deyil, bütün Avroatlantik məkanının təhlükəsizliyi üçün zəruri olduğunu bir daha göstərir", – deyə o bildirib.
Nazir əlavə edib ki, Ukrayna baş verən hadisə ilə bağlı tərəfdaş ölkələri və beynəlxalq təşkilatları məlumatlandırır.
Sıbiqa həmçinin Rusiya Prezidenti Vladimir Putini mülki əhaliyə qarşı hücumları davam etdirməkdə ittiham edərək bildirib ki, son hücumlar Ukrayna və bütövlükdə Avropada ballistik raketdən müdafiə imkanlarının daha da gücləndirilməsinin vacibliyini açıq şəkildə nümayiş etdirir.
Aytən Yaşar/ Turkustan.az