Ərdoğan: İsrail bölgəni yenidən müharibəyə sürükləməməlidir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi Vəhdəttin Köşkündə rəsmi mərasimlə qarşılayıb.

Turkustan.az xəbər verir ki, ikitərəfli görüş və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən işçi nahardan sonra liderlər birgə mətbuat konfransında çıxış ediblər.

Turkustan.az xəbər verir ki, Prezident Ərdoğan Şəriflə görüşdə Türkiyə-Pakistan münasibətləri, eləcə də regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi apardıqlarını bildirib.

"Müharibəyə aludə olan hazırkı İsrail hökumətinin bölgəmizi yenidən barıt və qan qoxusuna qərq etməsinə imkan verməməliyik", – deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdiyini qeyd edərək bildirib ki, ticarət nazirlikləri iş adamları üçün nəzərdə tutulan xüsusi iqtisadi zona layihəsi üzərində çalışır. Onun sözlərinə görə, güzəştli ticarət sazişinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı danışıqlar da davam edir.

Ərdoğan Şahbaz Şərifin biznes forumunda iştirakının iqtisadi əlaqələrin inkişafına müsbət töhfə verəcəyinə inandığını bildirib. O, müdafiə sənayesi sahəsində əməkdaşlığın davamlı şəkildə gücləndiyini vurğulayaraq həyata keçirilən birgə layihələrin Pakistanın potensialını artıracağını deyib.

Prezident, həmçinin enerji, nəqliyyat, kritik minerallar və informasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ