ABŞ Dövlət Departamenti ölkəyə turizm və ya iş məqsədilə səfər etmək istəyən əcnəbilər üçün ödənişli sürətləndirilmiş viza xidməti tətbiq etməyi nəzərdən keçirir.
Turkustan.az xəbər verir ki, Associated Press (AP) agentliyinin əldə etdiyi daxili sənədlərə və məsələ ilə tanış olan rəsmilərin məlumatına görə, hazırlanan pilot proqram çərçivəsində müraciətçilər standart viza rüsumundan əlavə ödəniş etməklə müraciətlərinin daha qısa müddətdə işlənməsinə nail ola biləcəklər.
Layihəyə əsasən, hazırda qüvvədə olan 185 dollarlıq viza rüsumuna əlavə olaraq 750 dollar ödənilməsi nəzərdə tutulur. Beləliklə, sürətləndirilmiş xidmət üçün ümumi məbləğ 935 dollar təşkil edəcək.
AP-nin məlumatına görə, proqramın sınaq mərhələsinin iyulun 1-dən dekabrın 31-dək davam etməsi planlaşdırılır. Dövlət Departamentinin anonimlik şərti ilə danışan rəsmisi bildirib ki, təşəbbüs hazırda pilot layihə kimi qiymətləndirilir və onun gələcək tətbiqi proqramın nəticələrindən asılı olacaq.
Aytən Yaşar/ Turkustan.az