İran hökuməti 15 günlük atəşkəs müddətində ABŞ və İsraillə müharibəyə son qoymaq məqsədilə Pakistanda keçiriləcək danışıqları yekunlaşdırmağı planlaşdırdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İranla bağlı 15 günlük atəşkəs elan etməsindən sonra Tehran administrasiyası məsələ ilə bağlı rəsmi bəyanat yayıb. İran Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi tərəfindən yayılan açıqlamada ölkənin müharibədə qarşıya qoyduğu məqsədlərə çatdığı bildirilib.
Bəyanatda qeyd olunur ki, Ali Rəhbər Müctəba Xameneinin və Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə yekun razılaşma üçün danışıqların İslamabadda keçirilməsi qərara alınıb. Məqsəd bu prosesi maksimum 15 gün ərzində başa çatdırmaq və əldə olunan nəticəni siyasi müstəvidə də təsdiqləməkdir.
Açıqlamada ABŞ-ın təqdim etdiyi bütün planların rədd edildiyi vurğulanır və İran tərəfinin əsas şərtləri belə təqdim olunur: Hörmüz boğazından nəzarətli keçidin təmin edilməsi, “müqavimət oxu”na qarşı aparılan əməliyyatların dayandırılması, ABŞ qüvvələrinin regiondakı bütün hərbi bazalardan çıxarılması, boğazda təhlükəsiz tranzit mexanizminin yaradılması, İrana dəyən ziyanın tam ödənilməsi, beynəlxalq sanksiyaların ləğvi, ölkənin xaricdə dondurulmuş aktivlərinin azad edilməsi və bu şərtlərin BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi ilə təsdiqlənməsi.
Aytən Yaşar/ Turkustan.az