Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində keçmiş prezident Robert Köçəryanın siyasi düşərgəsinin yeni ittifaq yaratmağa hazırlaşdığı bildirilir.
Turkustan.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın komandası yaxın günlərdə bununla bağlı fəaliyyətə başlayacaq
Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin yazdığına görə, tədbirin martın 16-da İrəvanda Karen Dəmirçyan adına idman-konsert kompleksində keçirilməsi planlaşdırılır. Məlumata görə, həmin tədbirdə iyunun 7-də keçiriləcək seçkilərdə iştirak edəcək yeni siyasi ittifaqın elan olunacağı gözlənilir.
Qəzetin iddiasına görə, formalaşdırılan ittifaqa iki siyasi qüvvə daxil olacaq: Erməni İnqilabi Federasiyası – Daşnaksütyun və Sevak Xaçatryanın rəhbərlik etdiyi “İrəli” (Forward) sağ-mərkəzçi partiyası. Sevak Xaçatryan daha əvvəl Eçmiədzində mer postuna namizəd kimi çıxış edib.
Məlumatda qeyd olunur ki, son seçkilərdən əvvəl seçki blokları üçün keçid baryeri 7 faizdən 8 faizə qaldırılsa da, Köçəryanın komandası bu həddi keçəcəyinə və hətta daha yüksək nəticə göstərəcəyinə əmindir.
“Qraparak”ın yazdığına görə, ittifaqın siyahısında ilk üç yeri Robert Köçəryan, İşxan Saqatelyan və Anna Qriqoryan tutacaq. 2021-ci il seçkilərində siyahının dördüncü sırasında “Dirçələn Ermənistan” partiyasının sədri Vahe Akopyan yer almışdı. Bu dəfə isə həmin mövqedə Sevak Xaçatryanın olacağı ehtimal edilir. /Musavat.com/