Əməliyyatın vaxtı dəyişdirildi – Xameneyinin bu qədər tez öldürülməsinin sirri


ABŞ və İsrailin Ali Lider Ayətullah Əli Xamaneyinin Tehrandakı rezidensiyasına endirdiyi zərbəyə hazırlıq və əməliyyatın planlaşdırılması ilə bağlı yeni məlumatlar yayılıb.

Turkustan.az xəbər verir ki, “New York Times” qəzetinin məlumatına görə, əməliyyatdan qısa müddət əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Xamaneyinin dəqiq mövqeyini müəyyənləşdirib.

Qəzet yazır: “Əməliyyata yaxın olan mənbələrə görə, MKİ aylar ərzində Xamaneyini izləyib və onun mövqeləri və hərəkətləri haqqında getdikcə daha çox dəqiq məlumat toplayıb. Daha sonra agentlik Tehranın mərkəzindəki liderlik kompleksində yüksək səviyyəli iranlı rəsmilərin toplantısı keçiriləcəyini öyrənib və ən vacibi, dini liderin də həmin iclasda olacağı müəyyən edilib”.

ABŞ və İsrailin əməliyyata hazırlıq prosesində iştirak edən mənbələr bildiriblər ki, iki ölkə yeni kəşfiyyat məlumatlarından maksimum istifadə etmək üçün əməliyyatın vaxtını dəyişdirib: “Bu məlumat iki ölkəyə həm yüksək səviyyəli iranlı rəsmilərin hədəfə alınması, həm də Hamaneyin öldürülməsi ilə kritik və erkən bir zəfər qazanmaq imkanı yaradıb”.

“New York Times” bildirir ki, Xamaneyinin bu qədər tez öldürülməsi ABŞ və İsrailin yaxın koordinasiyası və kəşfiyyat paylaşımının nəticəsi olub. Xüsusilə ötən ilin 12 günlük müharibəsindən sonra İran rəhbərliyi ilə bağlı toplanmış dərin kəşfiyyat məlumatları əməliyyatın uğurunu təmin edib. Eyni zamanda, bu, həm İsrail, həm də ABŞ tərəfindən göndərilən açıq siqnallara baxmayaraq, İran rəhbərliyinin özlərini ifşa etməmək üçün yetərli tədbirlər görməməsinin də göstəricisidir.

BakuPost

Mənbələr bildiriblər ki, MKİ topladığı yüksək dəqiqlikli kəşfiyyat məlumatlarını İsrail tərəfinə ötürüb. Əvvəlcə gecə qaranlığında hücum planlaşdırılsa da, Tehrandakı hökumət kompleksində keçiriləcək iclas barədə məlumat əldə ediləndən sonra əməliyyatın vaxtı dəyişdirilib. Liderlər İran prezidentliyi, Ali Lider və Milli Təhlükəsizlik Şurasının ofislərinin yerləşdiyi kompleksi ziyarət edəcəkdilər. İsrailin məlumatına görə, iclasa İslam İnqilabı Keşikçiləri (SEPAH) Baş Komandanı Məhəmməd Pakpur, Müdafiə Naziri Əziz Nasirzadə, Hərbi Şura sədri Admiral Əli Şəmxani, Hava Qüvvələri Komandanı Seyid Məcid Musavi, Kəşfiyyat Nazirinin müavini Məhəmməd Şirazi və digər yüksək səviyyəli rəsmilər də qatılmışdı.

Əməliyyatın döyüş uçuşları İsraildə səhər saat 06:00-da başlayıb. Qəzet qeyd edir: “Hücum nisbətən az sayda təyyarə ilə həyata keçirilib, lakin təyyarələr uzun mənzilli və yüksək dəqiqlikli raketlərlə təchiz edilmişdi. Təyyarələrin qalxmasından iki saat beş dəqiqə sonra, Tehranda saat 09:40-da uzun mənzilli raketlər kompleksə dəydi. Hücum zamanı İranın yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri kompleksin bir binasında, Xameneyi isə yaxın binada yerləşirdi”.


MANŞET XƏBƏRLƏRİ