İranda baş verənlər diqqətləri Rusiyaya yönəldib. Bu ölkənin Ukraynaya hücumu onun Qərblə münasibətlərini daha da gərginləşdirib. Üstəlik, Moskvanın Tehranla yaxın münasibətləri Putin hökumətini ABŞ-nın hədəfinə çevirib.
İranla bağlı yaşananlar Rusiyaya da sirəyət edəcəkmi? Vladimir Putini də bu acı aqibət gözləyirmi?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, geosiyasi reallıq və dövlət quruluşları nəzərə alındıqda İran və Rusiya modellərini eyniləşdirmək düzgün olmaz:
“İlk növbədə, İranın teokratik sistemi ilə Rusiyanın prezidentlik modeli arasında fundamental fərq var. İranda ali dini rəhbər ideoloji və hüquqi baxımdan dövlətin mərkəzi sütunudur. Rusiyada isə hakimiyyət güclü şəkildə mərkəzləşmiş olsa da, struktur olaraq prezident institutu, hökumət, təhlükəsizlik aparatı və bürokratik elita üzərində qurulub. Putin sistemi şəxsi nüfuz üzərində möhkəmləndirsə də, dövlət mexanizmi yalnız bir dini-ideoloji fiqura bağlı deyil”.
Putinin fiziki təhlükəsizliyi məsələsinə gəldikdə, politoloq bildirib ki, Rusiya prezidenti yüksək səviyyəli təhlükəsizlik rejimi ilə qorunur və dövlət təhlükəsizlik strukturları onun ətrafında sıx konsolidasiya olunub:
“Xarici güclərin bir nüvə dövlətinin liderinə qarşı birbaşa sui-qəsd həyata keçirməsi beynəlxalq sistem üçün son dərəcə riskli presedent olardı. Bu cür addım birbaşa genişmiqyaslı müharibə riskini artırar. Hazırda Rusiya daxilində Putinin mövqeyinə baxdıqda görürük ki, onun mövqeyi Ukrayna müharibəsi fonunda həm möhkəmlənib, həm də sınağa çəkilib. Müharibə onun legitimlik narrativinin əsas elementinə çevrilib. Başqa sözlə desək, Kremlin təqdimatında bu, “Qərbə qarşı müdafiə savaşıdır”.

Rəşad Bayramov
R.Bayramovun sözlərinə görə, uzunmüddətli müharibə iqtisadi və sosial yük yaradır:
“Sanksiyalar, hərbi xərclər və beynəlxalq təcrid Rusiyanın iqtisadi potensialını məhdudlaşdırır ki, bu da Putinin mövqeyini sınağa çəkir. Buna baxmayaraq, indiki mərhələdə sistem daxilində açıq alternativ liderlik mərkəzi formalaşmayıb.
Burada əsas məsələ Putinin taleyindən çox, Rusiyanın siyasi sisteminin davamlılığıdır. 2020-ci il konstitusiya dəyişiklikləri prezidentlik müddətinin uzadılmasına imkan verdi və hakimiyyət daha da mərkəzləşdirildi. Bu da o deməkdir ki, Valdimir Putin səhnədən çəkilsə belə, sistem dərhal dağılmaya bilər. Hakimiyyət təhlükəsizlik elitası və siyasi dairələr arasında yenidən bölüşdürülər, lakin dövlət institutları fəaliyyətini davam etdirər”.
Politoloq onu da əlavə edib ki, geosiyasi baxımdan Rusiyanın Qərb ilə münasibətlərinin yaxın perspektivdə normallaşacağı ehtimal olunmur:
“Lakin eyni zamanda, tərəflərin birbaşa NATO-Rusiya toqquşmasından qaçmağa çalışdığı da müşahidə olunur. Bu isə tammiqyaslı qlobal müharibə riskini azaldır. Odur ki, İran liderinin ölümü ilə bağlı hadisələrin Putinə də tətbiq edilə biləcəyi qənaəti olduqca zəifdir. Rusiya fərqli siyasi modelə, fərqli beynəlxalq statusa və nüvə gücü balansına malik dövlətdir. Putini yaxın perspektivdə eyni aqibətin gözləməsi ehtimalı demək olar ki, yoxdur. Əsas risk fiziki təhlükəsizlikdən çox, uzunmüddətli müharibənin iqtisadi və siyasi nəticələridir. Rusiyanı yaxın illərdə gözləyən əsas çağırış liderin taleyindən çox, müharibənin necə və hansı şərtlərlə yekunlaşacağı məsələsi olacaq”.