NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiyanın təbliğatına aldanmaq olmaz.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, “Rusiya istəyir ki, biz onu ‘qüdrətli ayı’ kimi görək. Amma əslində o, Ukraynada ‘bağ ilbizi’ sürəti ilə irəliləyir”.
Rutte bu fikirləri 62-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində mətbuata açıqlaması zamanı səsləndirib. O, Ukraynadakı müharibənin gedişində yaranan qavrayışla real vəziyyət arasındakı fərqə diqqət çəkib.
Baş katib vurğulayıb ki, Rusiyanın yavaş irəliləyişi ona baha başa gəlir. Onun sözlərinə görə, Rusiya ordusu təkcə dekabr ayında təxminən 35 min, yanvar ayında isə 30 minə yaxın hərbçi itirib.
Rutte həmçinin Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin toplantısına toxunaraq, Avropa müttəfiqlərinin müdafiə xərclərini artırmasını müsbət qiymətləndirib. O qeyd edib ki, Avropanın daha çox məsuliyyət və liderlik götürməsi ABŞ-ın alyansa bağlılığını daha da gücləndirir və Vaşinqtonun NATO qarşısında öhdəlikləri qüvvədə qalır.
Sülh prosesinə də münasibət bildirən Rutte bunun mürəkkəb və zaman tələb edən proses olduğunu deyib. O əlavə edib ki, Vaşinqton administrasiyası NATO müttəfiqləri ilə daimi əlaqə və koordinasiya şəraitində fəaliyyət göstərir.
Aytən Yaşar/ Turkustan.az