Nüfuzlu The Washington Post nəşrində ABŞ vitse-prezidenti James David Vance-in Azərbaycan və Ermənistana səfəri ilə bağlı yayımlanan məqalədə belə bir ifadə yer alıb: “During his two-day visit to Russia’s South Caucasus, the vice president enthusiastically discussed plans for TRIPP …” (Vitse-prezident Rusiyanın Cənubi Qafqazına iki günlük səfəri zamanı TRIPP planları barədə həvəslə danışdı …)
Buradakı əsas problem “Russia’s South Caucasus” (Rusiyanın Cənubi Qafqazı) ifadəsidir. Bu, sadəcə coğrafi səhv deyil. Bu, geosiyasi şüuraltının göstəricisidir.
Cənubi Qafqaz – Azərbaycan, Ermənistan və Gürcüstandan ibarət region – müstəqil dövlətlərdən ibarətdir. Heç biri Rusiyanın ərazisi deyil. Amma Qərb mediasının dili bəzən hələ də bu məkanı Moskvanın “təbii təsir zonası” kimi təqdim edir.
Bu, ilk dəfə deyil. Qərb mediasında tez-tez rast gəlinən başqa bir ifadə: 1. “Russia’s near abroad”. (Rusiyanın yaxın xarici əraziləri)
Bu termin Sovet İttifaqının dağılmasından sonra rus siyasi diskursunda yaranıb. Lakin Qərb mediası da onu neytral termin kimi istifadə etməyə başlayıb. Halbuki ifadənin özü postsovet ölkələrinin suverenliyini kölgəyə salır.
“Yaxın xaric” kimin xarici? Nəyə görə Baltik ölkələri, Azərbaycan, Qazaxıstan və digərləri hansısa dövlətin “yaxın”ı sayılmalıdır?
Dil burada siyasi xəritə çəkir.
2. 2020 Qarabağ müharibəsi zamanı “Russian backyard” (Rusiyanın arxa baxçası)
2020-ci ildə bir sıra Qərb analitik məqalələrində belə ifadələr işlədilirdi: “Turkey is expanding its influence in Russia’s backyard.” (Türkiyə Rusiyanın arxa həyətində təsirini genişləndirir.) “Backyard” – arxa həyət.
Bu metafora postsovet məkanını Moskvanın mülkiyyəti kimi təqdim edir. Sanki Azərbaycan öz xarici siyasətini müəyyən edərkən hansısa “ev sahibinin” icazəsini almalıdır. Bu, açıq imperiya terminologiyasıdır.
3. Gürcüstanla bağlı “former Russian province” (Keçmiş Rusiya vilayəti) səhvləri
Müxtəlif Qərb media materiallarında Gürcüstan barədə belə ifadələrə rast gəlinib: “Georgia, a former Russian province …” (Gürcüstan, keçmiş Rusiya vilayəti …)
Tarixi olaraq Gürcüstan Rusiya imperiyasının tərkibinə daxil edilmişdi. Lakin müstəqil dövlət haqqında danışarkən bu tip ifadələr müasir suverenliyi kölgədə qoyur.
Eyni yanaşma zaman-zaman Azərbaycan üçün də işlədilib – “former Soviet republic” kontekstində sanki identiklik hələ də Moskva ilə müəyyənləşir.
Problem nədir?
Söhbət təkcə fakt səhvindən getmir.
“Russia’s South Caucasus” ifadəsi təsadüfi olsa belə, bu, düşüncə refleksini göstərir. Qərb mediasının bir hissəsi üçün postsovet məkanı hələ də Rusiyanın “təsir dairəsi” kimi kodlaşdırılıb.
Bu isə paradoks yaradır: Bir tərəfdən Qərb Ukraynanın suverenliyini müdafiə edir. Digər tərəfdən Cənubi Qafqazı “Russia’s South Caucasus” adlandırır.
Suverenlik selektiv ola bilməz. Əgər Azərbaycan və Gürcüstan müstəqil dövlətdirsə, onların coğrafiyası heç bir başqa dövlətin mənsubiyyət şəkilçisi ilə təqdim oluna bilməz.
Dil təsadüfi deyil. Geosiyasi reallıq əvvəlcə sözlərdə dəyişir, sonra xəritələrdə. Əgər Cənubi Qafqaz hələ də “Rusiyanın Cənubi Qafqazı” kimi təqdim olunursa, deməli, bəzi dairələr üçün imperiya artıq dağılmayıb, sadəcə yenidən adlandırılıb.
Sual budur: Qərb həqiqətən postsovet məkanını müstəqil region kimi qəbul edir, yoxsa onu hələ də Moskvanın kölgəsində görür? Çünki tarix göstərir ki, imperiyalar əvvəl xəritədən silinir, amma dildən gec silinir.
Elbəyi Həsənli. Sürix