Qərb KİV-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyat barədə qərarını nəzərdən keçirərkən, ikinci aviadaşıyan zərbə qrupunun (AZQ) Yaxın Şərqə göndərilməyə hazırlaşmasını tapşırıb.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, hazırda əmrin rəsmi şəkildə verilməsi gözlənilir və qərarın yaxın 24 saat ərzində qəbul olunması və ya ləğv edilməsi mümkündür.
Pentaqondakı mənbələr bildirir ki, mövcud qüvvələri gücləndirmək məqsədilə USS George H.W. Bush aviadaşıyan gəmisi hazırlanır. Hazırda gəmi ABŞ-nin şərq sahilində təlimləri başa vurur. Döyüş hazırlığı təxminən iki həftə çəkəcək, ABŞ-dən Fars körfəzinə keçid də elə bu qədər vaxt aparacaq. Əgər əmr bu gün verilərsə, ikinci AZQ bölgəyə martın ortalarında çata bilər.
Hazırda bölgədə ən azı doqquz gəmi və ehtimal ki, bir və ya bir neçə sualtı qayiq mövcuddur. ABŞ-nin İrana qarşı ümumi qüvvə qruplaşmasında 30 mindən çox hərbçi iştirak edir. Həmçinin, hava bazalarına taktiki və xüsusi təyinatlı təyyarələr gəlməyə davam edir. Əlavə aviadaşıyan, üzərində 90 təyyarə və vertolyot, həmçinin müşayiət edən gəmilərlə birlikdə mövcud qruplaşmanı xeyli gücləndirəcək və bu qruplaşma İrana qarşı potensial hücuma hazırlaşır.
03c83df9-eea1-4d92-8edb-f086ba473ebf.jpeg (40 KB)
Lakin hücumla bağlı qərar hələ qəbul olunmayıb. Dünən Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirilmiş görüşdə, Netanyahu Trampı İrana tam nüvə və raket silahlarından məhrum edilməsini nəzərdə tutmayan şərtlərə razı olmamağa inandırmağa çalışıb. Prezident Tramp isə yazdığı bəyanatda qeyd edib ki, hələ də münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışır, amma uğursuzluq halında hərbi əməliyyatlar həyata keçirəcək.
Donald Trampın hansı qərarı verəcəyindən asılı olmayaraq, ikinci aviadaşıyanın göndəriləcəyi ilə bağlı yayılan söz-söhbətlər ABŞ-nin İrana qarşı təzyiq aləti rolunu oynayır. Hazırkı vəziyyət isə hələ də təhlükəli və gərgin kimi dəyərləndirilir.