ABŞ-nin devirdiyi dövlət başçıları - TARİX


Bu gün Venesuela lideri Nikolas Maduro 3 saatlıq əməliyyat nəticəsində devrilərək ABŞ-yə gətiridi.

Hadisə beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb oldu. Venesuela liderinin həbsi ABŞ-ın son onilliklər ərzində müxtəlif ölkələrin siyasi taleyinə birbaşa və ya dolayısı yollarla təsir göstərdiyi nümunələri yenidən gündəmə gətirib.

Turkustan.az Modern.az-a istinadla ABŞ-nin tarix boyu devrilməsində rol oynadığı dövlət başçılarının siyahısını təqdim edir. Qeyd edək ki, bəzi hallarda Vaşinqton açıq hərbi müdaxilə ilə, bəzi hallarda isə siyasi, iqtisadi və diplomatik mexanizmlər vasitəsilə proseslərə təsir göstərib.

Səddam Hüseyn (İraq)
2003-cü ildə ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqa hərbi müdaxiləsi nəticəsində Səddam Hüseyn hakimiyyətdən devrildi. Daha sonra saxlanıldı, məhkəmə qarşısına çıxarıldı və edam edildi. Bu, ABŞ-ın birbaşa hərbi müdaxilə ilə həyata keçirdiyi ən açıq rejim dəyişikliyi nümunələrindən biridir.

Müəmmər Qəddafi (Liviya)
2011-ci ildə Liviyada baş verən hadisələr zamanı NATO-nun, o cümlədən ABŞ-nin hava əməliyyatları Qəddafi rejiminin süqutunda həlledici rol oynadı. Qəddafi birbaşa ABŞ tərəfindən saxlanılmasa da, beynəlxalq müdaxilə onun hakimiyyətdən getməsinə yol açdı. Bu proses dolayısı hərbi dəstək kimi qiymətləndirilir.

Manuel Norieqa (Panama)
1989-cu ildə ABŞ ordusu Panamaya birbaşa hərbi əməliyyat həyata keçirdi. Prezident Manuel Norieqa devrildi, ABŞ-yə aparıldı və orada narkotik ticarəti ittihamı ilə məhkum edilərək uzun müddət həbs cəzası çəkdi. Bu hadisə ABŞ-nin xarici lideri öz ərazisində məhkəməyə çıxardığı nadir hallardan biridir.

Slobodan Miloşeviç (Yuqoslaviya/Serbiya)
1999-cu ildə NATO-nun Serbiyaya qarşı həyata keçirdiyi hava hücumları və sonrakı beynəlxalq təzyiqlər Miloşeviçin hakimiyyətdən getməsi ilə nəticələndi. ABŞ bu prosesdə hərbi və diplomatik təsir göstərsə də, devrilmə birbaşa əməliyyatla deyil, dolayısı yollarla baş verdi.

Jan-Bertrand Aristide (Haiti)
ABŞ-nin siyasi və hərbi təsiri nəticəsində Aristide iki dəfə hakimiyyətdən uzaqlaşdırıldı. Xüsusilə 2004-cü ildə baş verən hadisələrdə Vaşinqtonun rolu dolayısı müdaxilə kimi qiymətləndirilir.

Salvador Alyende (Çili)
1973-cü ildə Çili prezidenti Salvador Alyende general Auqusto Pinoçet tərəfindən hərbi çevriliş nəticəsində devrildi. ABŞ çevrilişi birbaşa həyata keçirməsə də, Vaşinqtonun siyasi və kəşfiyyat dəstəyi beynəlxalq mənbələrdə dolayısı müdaxilə kimi qiymətləndirilir.

Mohammad Mossadıq (İran)
1953-cü ildə İranın baş naziri Mossadıq ABŞ və Böyük Britaniya kəşfiyyatının dəstəyi ilə həyata keçirilən çevriliş nəticəsində devrildi. Bu, ABŞ-nin gizli əməliyyatlarla hakimiyyət dəyişikliyinə təsir göstərdiyi klassik nümunələrdən biri hesab olunur.

Devrilməyən lider: Fidel Kastro nümunəsi

Qeyd etmək lazımdır ki, ABŞ-nin bütün cəhdləri uğurla nəticələnməyib. Kuba lideri Fidel Kastro onilliklər boyu Vaşinqtonun siyasi, iqtisadi və kəşfiyyat təzyiqlərinə, eləcə də iddia edilən çoxsaylı sui-qəsd cəhdlərinə baxmayaraq, hakimiyyətdə qalmağı bacarıb. Bu fakt ABŞ-nin təsir imkanlarının hər zaman nəticə vermədiyini göstərən əsas nümunələrdən biri kimi tarixə düşüb.

ABŞ-nin müxtəlif dövrlərdə həyata keçirdiyi birbaşa və dolayısı müdaxilələr beynəlxalq münasibətlər sistemində dərin izlər buraxıb. Venesuela ilə bağlı son hadisələr isə beynəlxalq hüququn işləməməsi və böyük dövlətlərin problemlərini güc yolu ilə həll etməyə üstünlük verməsi barədə aktual mövzunu yenidən qabardıb.


MANŞET XƏBƏRLƏRİ