Rusiya Prezidenti Vladimir Putinin Novqorodda yerləşən dövlət iqamətgahı Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Bildirilib ki, ümumilikdə 91 ədəd pilotsuz uçuş aparatı hücumda iştirak edib və onların hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, bu hadisə fonunda Kreml danışıqlardakı mövqeyini yenidən nəzərdən keçirəcək. Onun fikrincə, baş verənlər Kiyev rejiminin dövlət terrorizmi siyasətinə qəti keçidinin göstəricisidir.
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya 4 il ərzində müharibəyə başlayandan bu günə qədər Ukraynanın bütün şəhərlərini bombardman edib:
“Hücumlar nəticəsində onlarla məktəb, uşaq baxçası, qocalar evi, xəstəxana və saysız mülki obyekt sıradan çıxarılıb. Hücumlar zamanı həyatını itirən mülki şəxslərin sayı çoxdur.

Elxan Şahinoğlu
Ukrayna tərəfi də Rusiyaya zərbələr endirib. Bu hücumlar nəticəsində Putinin iqamətgahları da hədəfə çevrilir. Əslində, Putinin iqamətgahı bir deyil, Rusiyada birdən çox iqamətgah mövcuddur. Bu dəfə Rusiya hadisəni elə təqdim edir ki, sanki Zelenski Trampla razılığı pozub. Mətbuatda da məlumatlar var ki, guya Tramp bu hücuma hiddətlənib. Yəni Rusiya məsələni öz maraqları kontekstində istifadə edir”.
Politoloq deyib ki, əgər Putin iqamətgahda olsaydı və həyatını itirsəydi, proseslər iki əsas istiqamətdə cərəyan edə bilərdi:
“Birincisi, Rusiyada hakimiyyət boşluğu yaranmaqla Ukraynaya qarşı qısa əməliyyat başlaya və bu, qlobal müharibəyə səbəb ola bilərdi.
İkincisi isə daha gözlənilməz idi: belə ki, Putin müharibəni başladan tərəfdir və onun yoxluğu halında yeni hökumət danışıqlarda daha maraqlı vəziyyət yarada bilərdi. Ola bilər ki, Kiyev tərəfi də bu yöndə ümidlər bəsləyir”.