ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona məxfi sənədlərin gizlədilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ittiham aktı hazırlanıb.
Turkustan.az xəbər verir ki, CNN-in adı açıqlanmayan iki məmura istinadən verdiyi məlumata görə, Merilend ştatının federal münsiflər heyəti əvvəllər evində Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən axtarış aparılan Boltona qarşı ittiham irəli sürüb.
İttiham aktı Boltonu "məxfi məlumatları qeyri-qanuni saxlamaq və paylaşmaq"da 18 maddə ilə ittiham edir. Con Boltonun Greenbelt federal məhkəməsinin rəsmilərinə təslim olacağı gözlənilir.
Trampın əvvəlki prezidentliyi dövründə Milli Təhlükəsizlik Müşaviri vəzifəsində çalışmış Boltonun həmin vaxt e-poçt vasitəsilə həyat yoldaşı və qızı ilə məxfi məlumatları paylaşdığı bildirilir.
FTB məxfi sənədlərin saxlanması ilə bağlı araşdırma çərçivəsində avqustun 22-də Boltonun Merilend ştatındakı evində axtarış aparıb. Səlahiyyətlilər Boltonun heç bir cinayətdə ittiham olunmadığını və ya nəzarətə götürülmədiyini bildiriblər.
Daha sonra məlum olub ki, FTB Boltonun iqamətgahında axtarış apararkən telefonlar, kompüter avadanlıqları və bəzi sənədlər ələ keçirib.
Bolton 2018-2019-cu illərdə Ağ Evdə Milli Təhlükəsizlik Müşaviri vəzifəsində çalışıb. O, Tramp dövrünün “İrana maksimum təzyiq” siyasətinin memarlarından biri olub və Trampla razılaşmadıqdan sonra vəzifəsindən uzaqlaşdırılıb.
Aytən Yaşar/ Turkustan.az