Birləşmiş Millətlər Təşkilatı (BMT) atəşkəs elan olunmuş Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə bütün sərhəd keçidlərinin yardım karvanlarına açıq olmalı olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında Yaxın Şərqdəki vəziyyətə toxunaraq açıqlama verib. O, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) son hesabatına istinadla qeyd edib ki, Qəzzaya yardım göndərilməsi üçün istifadə olunan Rəfah sərhəd-keçid məntəqəsi hələ də tam açıq deyil. Bu səbəbdən Misirdən gələn yardımlar daha uzun və mürəkkəb marşrutla, İsrailin Kerem Şalom keçidində ciddi yoxlamalardan keçərək əraziyə çatdırılır.
Düjarrik əlavə edib ki, BMT-nin Fövqəladə Yardım üzrə Koordinatoru Tom Fletcher bölgədəki vəziyyətin sabitləşməsi və humanitar yardımların geniş miqyasda təmin olunması üçün bütün keçidlərin dərhal açılmasının vacibliyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az