Misir və Qətər ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəyə son qoyacaq 20 bəndlik həll planını HƏMAS-a çatdırıb.
Turkustan.az xəbər verir ki, “Əl-Kairo News”un adı açıqlanmayan Misir təhlükəsizlik rəsmisinə istinadən verdiyi məlumata görə, Qətər və Misir ABŞ-ın Qəzza planını Həmas-a çatdırıb.
Qətər və Misir hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, Fələstin mənbələri də prezident Trampın Qəzza planının surətinin HƏMAS-a çatdığını bildirib.
Mənbələr qeyd edib ki, Həmas bu planı digər Fələstin qrupları ilə birlikdə dəyərləndirəcək.
Əl-Əqsa televiziyasına danışan Həmas lideri Mahmud Mərdavi Trampın açıqladığı Qəzza planının İsrailin düşüncəsinə yaxın olduğunu bildirib.
Trampın planındakı maddələrin qeyri-müəyyən, boşluqlarla dolu və təminatsız olduğunu qeyd edən Mərdavi planın məqsədinin Fələstin Dövlətinin tanınmasına beynəlxalq dəstəyin qarşısını almaq olduğunu müdafiə edib.
HƏMAS-ın Trampın təklifini araşdırıb Fələstin qrupları ilə müzakirə edəcəyini qeyd edən Mərdavi, HƏMAS-ın Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu ehtiva etməyən və onları qırğınlardan qorumayan heç bir təklifi qəbul etməyəcəyini bildirib.
ABŞ prezidenti Trampın 20 maddəlik “Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli plan” təklifi açıqlanıb.
Aytən Yaşar/ Turkustan.az