Almaniya kansleri Fridrix Merz Rusiya ilə Ukrayna arasında diplomatik irəliləyişin mümkünlüyünə şübhə ilə yanaşaraq, hazırkı münaqişənin uzun müddət davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, ictimai yayımçı ZDF-nin ənənəvi “Yay Müsahibəsi” (“Sommerinterview”) proqramında çıxış edən Merz bildirib ki, ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəyə son qoymaq səylərinə baxmayaraq, Rusiya prezidenti Vladimir Putinin son addımları Moskvanın sülh danışıqlarında maraqlı olmadığını açıq şəkildə nümayiş etdirir.
Merz bu çətin məsələyə baxmayaraq, diplomatik həll yoluna olan ümidini itirmədiyini vurğulayıb. O qeyd edib ki, tarix boyu müharibələr əsasən “hərbi məğlubiyyət” və ya “iqtisadi və hərbi tükənmə” nəticəsində başa çatıb.
"Amma mən düşünmürəm ki, bu, hazırda hər iki tərəfdə baş verəcək. Buna görə də özümü bu müharibənin uzun müddət davam edəcəyinə psixoloji olaraq hazırlayıram. Biz onu mümkün qədər tez sona çatdırmağa çalışırıq, lakin bu, Ukraynanın təslimi bahasına olmamalıdır", – Merz bildirib.
Qərbin təhlükəsizlik zəmanətləri və Almaniyanın potensial sülh razılaşmasının bir hissəsi kimi Ukraynaya quru qoşunları göndərib-göndərməyəcəyi ilə bağlı suala cavab verən kansler bildirib ki, hazırda qoşun yerləşdirilməsi gündəmdə deyil.
O əlavə edib:
"Əgər atəşkəs əldə olunarsa, təhlükəsizlik təminatlarının formalaşdırılması üzərində çalışacağıq. Hazırda əsas prioritetimiz Ukrayna ordusuna dəstək verməkdir ki, onlar uzunmüddətli perspektivdə öz ölkələrini müdafiə edə bilsinlər. Bu, əsas hədəfimizdir. Çox şey yalnız atəşkəs əldə edildikdən sonra mümkün olacaq. Bunun üçün Rusiya ilə razılaşma lazımdır və bu razılaşma, təbii ki, hər iki tərəf üçün şərtləri olan bir proses olacaq. Ukraynanın isə dəyişməz şərti – azadlıq və öz müttəfiqlərini seçmək hüququdur."
Aytən Yaşar/ Turkustan.az