Avropa İttifaqının (Aİ) 26 lideri Ukrayna ilə bağlı avqustun 15-də keçiriləcək ABŞ-Rusiya sammiti öncəsi birgə bəyanat yayaraq, əldə olunan istənilən diplomatik həllin Ukrayna və Avropanın həyati təhlükəsizlik maraqlarını qorumalı olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Avropa İttifaqı Şurası Macarıstan lideri Viktor Orban istisna olmaqla, 26 ölkə liderinin Ukrayna ilə bağlı birgə bəyanatını paylaşıb.
Aİ liderlərinin amerikalı həmkarı Donald Trampın Ukraynadakı müharibəni bitirmək, Ukrayna üçün ədalətli və davamlı sülh və təhlükəsizliyi təmin etmək səylərini alqışladıqları ifadə edilən bəyanatda, "Ukrayna xalqı öz gələcəyinə qərar vermək azadlığına malik olmalıdır. Ukrayna olmadan Ukraynada sülhə gedən yol müəyyən edilə bilməz" ifadəsi yer alıb.Müharibənin Avropa və beynəlxalq təhlükəsizlik üçün daha geniş təsirləri olduğu vurğulanan bəyanatda deyilir: “Biz diplomatik həllin Ukrayna və Avropanın həyati təhlükəsizlik maraqlarını qorumalı olduğuna inanırıq”.
Bəyanatda Aİ-nin “ABŞ və digər həmfikir tərəfdaşları ilə koordinasiyada” Ukraynaya təbii özünümüdafiə hüququndan istifadə etməsi üçün siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcəyi və Rusiyaya qarşı sanksiyaların da davam etdiriləcəyi qeyd edilib.
Bəyanatda Ukraynanın özünü müdafiə etmək qabiliyyəti müharibədən sonra verilə biləcək təhlükəsizlik təminatlarının “tərkibli hissəsi” kimi səciyyələndirilib və Aİ-nin öz üzvlərinin maraqlarını nəzərə alaraq səlahiyyət və imkanları əsasında təhlükəsizlik zəmanətlərinə daha çox töhfə verməyə hazır olduğu vurğulanıb.
Bəyanatda Ukraynanın Aİ-yə üzvlük yolunda dəstəklənəcəyi qeyd edilib.
Aytən Yaşar/ Turkustan.az