Rusiya çevriliş planını AKTİVLƏŞDİRDİ – Ermənistana əlavə qüvvələr GÖNDƏRİLİR


Xəbər verdiyimiz kimi, son günlər Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasında hərbi fəallıq müşahidə olunur. Məlumata görə, bir neçə həftədir hər gün Gümrüdə yerləşən bazaya içərisində silah-sursat və müxtəlif hərbi texnikanın olduğu təyyarələr enir. Göründüyü kimi, Rusiya ordusu bölgədəki hərbi varlığını gücləndirməyə çalışır.

Paşinyana yeni rəqib

Bununla paralel olaraq görünən odur ki, Ermənistandakı revanşist qüvvələr Rusiyanın dəstəyilə baş nazir Paşinyana qarşı mübarizə aparamaq üçün yeni qüvvəni meydana çıxarmağa çalışırlar.

Belə ki, erməni KİV-nin iddiasına görə, peşəkarlardan ibarət yeni yaradılacaq siyasi qüvvəyə iyunun 18-də İrəvanda həbs olunan rusiyalı biznesmen Samvel Karapetyan başçılıq edəcək.

Onun qardaşı oğlu Narek Karapetyan mətbuata bildirib ki, siyasi komandanın rəhbəri Samvel Karapetyan olacaq və məhz onun himayəsi altında irəliləyəcəklər.

Görünən odur ki, Rusiya bir tərəfdən Gümrüdəki hərbi bazanı silah-sursat baxımından gücləndirir, digər tərəfdən də Paşinyan əleyhdarları yeni siyasi qüvvə ətrafında birləşməyə cəhd edirlər.

Görəsən, bütün bunları etməkdə Rusiyanın planı nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Kremlin Ermənistanda hakimiyyət dəyişikliyi planı var:

“Həqiqətən də Rusiya Gümrüdəki hərbi bazasını silah-sursatla doldurur. O da sirr deyil ki, Rusiyanın hakimiyyət transferi planı da var. Rusiyada yaşayan erməni təşkilatları, xüsusən də Abramyanın erməni ittifaqı çevrilişə hazırlaşdıqlarını açıq şəkildə bəyan edirlər.

Onların da guya ən yaxşı namizədi Samvel Karapetyandır. O, daşnaqları dəstəkləyir, əldə etdiyi kapitallar da yuyulma pullarıdır. Karapetyanın siyasi və idarəçilik təcrübəsi yoxdur. Sadəcə iş adamıdır. Ola bilsin, Kreml Karapetyanın adı ilə Paşinyana sadəcə göz dağı verir”.

Həmsöhbətimiz düşünür ki, Nikol Paşinyan Rusiyanın Altay vilayətinə getməklə manevr imkanlarından istifadə edib, bir növ öz vəziyyətini yaxşılaşdırıb:

“Burada onun Rusiya baş naziri Mişustinlə danışıqları praktiki olaraq vəziyyətdən çıxmağa hesablanıb. O, gözəl başa düşür ki, Kreml ona hiddətlənib və onu devirmək istəyir. Bu mənada Paşinyan özünün devrilməsinə imkan verməyəcək. Çünki o, eyni anda bir neçə stulda oturmağı bacarır. Onu da məlumatlandıran qüvvələr var.

Paşinyan hakimiyyətini gələn seçkilərə qədər saxlayacaq.

Bununla yanaşı Rusiya Ermənistanı ehtiyat variant kimi nəzərində saxlamaqdadır. Gümrüdəki hərbi baza 49 il müddətinə onun nəzarətində qalacaq. Bu baxımdan da Moskva vaxtından tez Ermənistandan çıxmayacaq. Hər halda Paşinyan indi daha çevik, daha ayıq-sayıq olmalıdır”.


MANŞET XƏBƏRLƏRİ