"Elza hamıdan əvvəl mənim ağzımı “tikdi”" - Aqşin Yenisey


"Gün ərzində müxtəlif saytlardan zəng vurublar ki, Yazıçılar Birliyi sizi hüquq-mühafizə orqanlarına şikayət edəcək, bu barədə nə deyə bilərsiniz? Düzü, bu xəbərə həm təəccübləndim, həm də təəccüblənmədim".

Turkustan.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey bildirib.

O təəccüblənməməyinin səbəbini də izah edib:

“Təəccübləndim ki, mən Elza Seyidcahan o quruma üzv seçiləndən sonra orada baş verən hadisələr haqqında heç vaxt yazmamışam, danışmamışam. Yəni Elza xanım hamıdan əvvəl mənim ağzımı “tikdi”.

A. Yeniseyin sözlərinə görə, nə AYB-də gedən ev davalarına qoşulub, nə də təqaüdə görə rədd cavabı alıb, oradakılardan kiminsə haqqında tənqid yazmayıb:

“Mənim adımı “Aqşin Yenisey də daxil olmaqla” ifadəsi ilə başlayan o repressiya ilərinin cümləsinə kim salıb, niyə salıb? Kimdən gəlib bu qaralama, ləkələmə əmrini?

Təəccüblənmədim ona görə ki, Yazıçılar Birliyinin “tarixini” bilirəm. O tarix ki, hamınız bilirsiniz: bizdən olmayanları tutdurmaq, sürgün etdirmək, güllələtdirmək. İndi sürgün etmək və güllələtdirmək dəbdən düşüb deyə məcbur tutdurmaqla kifayətlənirlər”.

“Anlamırlar ki, vaxtilə kimi tutdurublarsa, sürgün etdiriblərsə, güllələtdiriblərsə, Azərbaycan ədəbiyyatı onu bağrına basıb.

Son otuz beş ildə Yazıçılar Birliyi adımı birinci dəfə bir siyahıya saldı, o da tutdurmaq üçün...

Allahınız köməyiniz olsun!”- yazıçı sonda qeyd edib.

Qeyd edək ki, "Yeni Sabah"ın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyi (AYB) bir qrup şair və yazıçı barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək. Buna səbəb həmin şəxslərin təşkilatı tənqid etməsidir. Belə ki qurumun açıqlamasına görə, "Adları hallandırılan ədiblərin sırasında Aqşin Yenisey kimi elə şəxslər də var ki, onlar heç vaxt birliyin üzvü olmayıblar. Guya həbsdə dünyasını dəyişmiş, Yardımlıdan olan Azad adlı AYB üzvü barədə məlumatlar yalandır. Saday Şəkərli ilə AYB arasında hər hansı məhkəmə çəkişməsi olmamışdır. Ramiq Muxtar və İlham Qəhrəman AYB-yə böhtan atdığına görə onlarla münasibətlər hüquq müstəvisində həll olunmuş, məhkəmənin hökmü ilə onların hər ikisi barədə cərimə tətbiq edilmişdir. Fəzail İsmayıl AYB aparatının işçilərinə şər atmış, əsassız fikirlərini sübuta yetirə bilmədiyinə görə üzvlükdən xaric edilmişdir". /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ