B-2-lər hərəkətə keçdi – ABŞ İranın nüvə obyektlərini vurmağa hazırlaşır?


ABŞ Prezidenti Donald Tramp İsrailin İrana qarşı hücumlarına qoşulub-qoşulmamaq barədə qərar verməyə çalışdığı bir vaxtda ABŞ B-2 strateji bombardmançılarını Sakit okeandakı Qvam adasına yerləşdirir.

Turkustan.azReuters”ə istinadla xəbər verir ki, bu barədə iki amerikalı rəsmi açıqlama verib.

Onların sözlərinə görə, bu addımın Yaxın Şərqdəki gərginliklərlə birbaşa bağlı olub-olmadığı hələ dəqiqləşdirilməyib.
B-2 bombardmançıları ABŞ-ın 13,6 tonluq GBU-57 “Massive Ordnance Penetrator” bombasını daşımaq imkanına malikdir. Bu bomba yerin dərin qatlarında yerləşən hədəfləri, o cümlədən İranın nüvə obyektlərindən biri olan Fordonu məhv etmək üçün nəzərdə tutulub.

Rəsmilər əlavə təfərrüatları açıqlamayıblar və qeyd ediblər ki, hələlik B-2-lərin Qvama göndərilməsindən başqa ön cəbhəyə doğru hərəkət etməsi ilə bağlı əmrlər verilməyib. B-2-lərin sayına da aydınlıq gətirilməyib. Pentaqon məsələyə dair şərh verməyib.

Hərbi ekspertlər və ABŞ rəsmiləri hazırda diqqətlə izləyirlər ki, B-2 bombardmançıları Hind okeanındakı Diyeqo Qarsiya adasında yerləşən ABŞ-Britaniya hərbi bazasına keçəcəkmi. Ekspertlər hesab edirlər ki, bu ada Yaxın Şərqdə hərbi əməliyyatlar üçün ideal mövqedədir.

Qeyd edək ki, ABŞ bu vaxta qədər B-2 bombardmançılarını Diyeqo Qarsiyada saxlayırdı, lakin ötən ay onları B-52-lərlə əvəz edib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ