Potensial yeni Strateji Hücum Silahların Məhdudlaşdırılması Müqaviləsi (START və ya START-3) Çinin nüvə arsenalı nəzərə alınmaqla hazırlanmalıdır.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin strateji sabitlik üzrə direktor müavini Ostin Lonq Vaşinqtonda Hadson İnstitutunda çıxışı zamanı bildirib.
“Çinin nüvə arsenalının transformasiyası, yəqin ki, qəzetlərdə oxuya biləcəyiniz ən əhəmiyyətli şeydir. Çin qitələrarası ballistik raketləri yerləşdirmək üçün onlarla, bəlkə də, yüzlərlə raket şaxtaları inşa edib. Odur ki Birləşmiş Ştatlar, bu nüvə strategiyasını həyata keçirmək istəyirsə, daha çox sayda yerləşdirilmiş strateji qüvvəyə sahib olmalıdır, halbuki START-3 buna imkan vermir”, – o deyib.
Lonqun fikrincə, ABŞ soyuq müharibə dövründə çox şeylər tikib, lakin onların əksəriyyəti START müqaviləsinə əsasən sökülməli olub. Eyni zamanda o, əlavə edib ki, amerikalılar onu yenidən qurmağa qadirdir.
Mayın əvvəlində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-nin Rusiya ilə bağlı siyasətində əsaslı dəyişikliklər olmadan START-3-ün saxlanılması perspektivinin olmayacağını bildirmişdi.
START (Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsi) Rusiya və ABŞ üçün qitələrarası ballistik və bəzi digər raketlərin, nüvə başlıqlarının sayını məhdudlaşdıran sazişdir. 2023-cü ilin fevralında Putin Moskvanın START-da iştirakını dayandırdığını, lakin ondan çıxmadığını elan edib. Müqavilə üzrə dialoqa qayıtmazdan əvvəl Rusiya tərəfi START-da təkcə ABŞ-nin yox, həm də digər NATO üzvlərinin – Böyük Britaniya və Fransanın arsenallarının necə nəzərə alınacağını anlamaq istəyir. Müqavilənin müddəti 2026-cı il fevralın 5-də başa çatacaq. /Cebheinfo.az/