Ukraynanın müharibə başlayandan bəri Rusiyaya qarşı həyata keçirdiyi ən mürəkkəb hücumdan dörd gün keçir. Əməliyyatın miqyası, üsulları və təsiri ilə bağlı müzakirələr səngimək bilmir.
Turkustan.az-ın məlumatına görə, Rusiyanın strateji bombardmançı təyyarə donanmasına vurulan zərərin miqyasına dair yeni detallar ortaya çıxıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bu əməliyyatı “Hörümçək Toru” adlandırıb.
Hücum necə həyata keçirilib?
Əməliyyatı zamanı Rusiyanın azı dörd hərbi aviabazasını hədəfə alıb. Bu bazalardan Ukraynadan ən uzaqda yerləşəni Sibirin İrkutsk vilayətindəki Belaya bazasıdır. Bura Kiyevdən təxminən 4.850 km məsafədədir.
Ukrayna rəsmilərinin bildirdiyinə görə, əməliyyat çərçivəsində Rusiyaya 117 pilotsuz uçuş aparatı (PUA) qaçaq yolla keçirilib. Dronlar yek maşınlarının damlarının altında gizlədilib, hərbi bazaların yaxınlığında yerləşdirilərək uzaqdan idarə olunmaqla strateji, nüvə daşımaq qabiliyyətinə malik bombardmançı təyyarələri vurmaq üçün istifadə olunub. Bəzi hallarda hədəfə yönəlmək üçün süni intellektdən də istifadə olunub.
Rus rəsmiləri çərşənbə günü bildiriblər ki, Ukraynanın Rusiya ərazisinin dərinliklərində həyata keçirdiyi hücumlara cavab olaraq hərbi variantlar “masadadır”. Onlar Qərbi bu hücumlarda iştirakda ittiham ediblər.
İndiyədək Ukraynanın əsas hücum potensialı uzaqmənzilli dronlar olub, bu dronlar Rusiya ərazisindəki neft emalı zavodlarını, hərbi bazaları və silah anbarlarını hədəfə alıb.
Lakin bəzi texnoloji yeniliklərə və istehsalın artmasına baxmayaraq, bu dronların maksimum uçuş məsafəsi 5.000 kilometrdən azdır və onlar Rusiya hava məkanına daxil olarkən aşkarlana bilir, nəticədə çoxu hava hücumundan müdafiə sistemləri tərəfindən vurulur.
1 iyun tarixli hücum fərqli şəkildə həyata keçirilib, sadə “kamikadze” dronlar Rusiya daxilindəki mövqelərdən, cəmi bir neçə kilometr məsafədən buraxılıb. Bu da Rusiyanın mobil hava müdafiə sistemlərini yerləşdirmək və ya elektron mübarizə vasitəsilə dronların qarşısını almaq üçün vaxt qazanmasına imkan verməyib.
Ukraynanın Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə, dronlar qurumun əməkdaşları tərəfindən Rusiyaya qaçaq yollarla keçirilib və yük maşınlarının dam boşluğunda gizlədilib.
Ukrayna rəsmilərinin paylaşdığı bir görüntüdə hər birində dörd pəri olan təxminən 20 dron taxta damın altındakı boşluqlarda yerləşdirilmiş şəkildə görünür.
Belaya bazasına edilən sürpriz hücumda istifadə olunmuş dronları daşıyan yük maşınının 7 km məsafədə, yol kənarında dayandığı göstərən video təqdim olunub.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki hərbi hava bazalarını hədəfə alıb. Üç bölgədə hücumların qarşısı hava hücumundan müdafiə sistemləri tərəfindən alınıb, lakin Murmansk və İrkutskda bir neçə təyyarə alışıb. Kreml çərşənbə axşamı bildirib ki, hücumla bağlı rəsmi istintaq başlanılıb.
Rusiyanın təhlükəsizlik və hüquq-mühafizə orqanları ilə yaxın əlaqələri olan "Baza" kanalı əsas şübhəlinin illər öncə Rusiyanın Çelyabinsk vilayətinə köçmüş 37 yaşlı ukraynalı olduğunu yazıb. Kanalın anonim mənbələrə istinadən bildirdiyinə görə, həmin şəxs ötən ilin oktyabrında yükdaşıma şirkəti açıb və dekabrda bir neçə yük maşını alıb. Hücumlarda da məhz bu maşınlardan istifadə olunub.
Dronlarla dolu taxta tövlələri daşıyan dörd yük maşınının sürücüləri yüklərinin təyinatından xəbərsiz olublar. Onlara yalnız son anda telefonda harada dayanmaları bildirilib. Bəzən dronlar maşın dayananda, bəzən isə maşın hələ hərəkətdəykən tövlələrdən uçmağa başlayıb.
Belaya bazasına hücumda istifadə edilən yük maşını həmin vaxt P-255 magistral yolu boyunca, təxminən 7 km məsafədə park edilib. Məsələ ilə bağlı məlumatı olan ukraynalı mənbə bildirib ki, dronlar Rusiyanın mobil rabitə şəbəkəsi vasitəsilə uzaqdan idarə olunub.
Ukrayna Təhlükəsizlik Xidməti çərşənbə günü verdiyi açıqlamada bildirib ki, bu əməliyyatda süni intellekt alqoritmləri ilə operator müdaxiləsinin kombinasiyasına əsaslanan müasir dron idarəetmə texnologiyası istifadə olunub. Bəzi hallarda siqnal itkisi səbəbindən dronlar əvvəlcədən planlaşdırılmış marşrut üzrə süni intellektlə idarə olunaraq vəzifəni yerinə yetirib. Dron hədəfə yaxınlaşanda və təmas baş verəndə, üzərindəki partlayıcı avtomatik işə düşüb.
Əməliyyatda iştirak edən agentlər hücumdan əvvəl Ukraynaya qayıdıblar. Zelenski deyib ki, Ukrayna agentləri Rusiyanın bir neçə bölgəsində fəaliyyət göstərib və bu əməliyyat 18 ay ərzində planlaşdırılıb.
Rusiya neçə təyyarə itirib?
Hələlik Rusiyanın itkiləri barədə dəqiq informasiya yoxdur. Zelenski bildirib ki, zərər görmüş 41 təyyarədən yarısı bərpaolunmaz vəziyyətdədir.
Rusiya tərəfi isə təyyarələrin məhv edilmədiyini, zərər gördüyünü bildirib. "Müdafiə Nazirliyinin nümayəndələrinin də dediyi kimi, sözügedən texnika məhv edilməyib, zədələnib. Onlar bərpa olunacaq", - Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS dövlət xəbər agentliyinə müsahibəsində bildirib.
Adının açıqlanmasını istəməyən iki ABŞ rəsmisi "Reuters" agebtliyinə açıqlamasında bildirib ki, Ukraynanın endirdiyi zərbələr nəticəsində 10-a yaxın təyyarə məhv edildib, ümumilikdə 20-yə qədər döyüş təyyarəsi vurulub.
Belaya bazasından sonra çəkilmiş peyk görüntüləri göstərir ki, burada 6-8 arası strateji bombardmançı təyyarə ya məhv edilib, ya da ciddi zədələnib. Olenya bazasından yayılan görüntülərdə ikisi yanan, biri isə partlayan üç Tu-95 bombardmançısı görünür.
Yeni yayılan SBU dron görüntülərində isə Rusiyanın çox nadir A-50 tipli hərbi kəşfiyyat təyyarələrinin antenalarının üzərinə dronların endiyi görünür. Lakin bu dronların partlayış anı qeydə alınmayıb.
UTX bildirib ki, zərbə endirilən təyyarələr arasında A-50, Tu-95 strateji bombardmançısı, Tu-22M supersonik bombardmançısı, Tu-160 strateji bombardmançısı, eləcə də An-12 və İl-78 hərbi nəqliyyat təyyarələri olub.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) müdafiə və hərbi analiz üzrə tədqiqatçısı Fabian Hinz deyib ki, bu hücum Rusiyaya baha başa gələcək, çünki hədəfə alınan təyyarələrin əksəriyyəti artıq istehsalda deyil.
“Ruslar bir milyard taparlar, amma bu təyyarələr daha istehsal olunmur. Bu, bir milyard dollar və ya bir neçə milyard dollar itkisindən daha ciddi məsələdir. Bu səbəbdən bu, çox əhəmiyyətli bir hücumdur”, - o deyib.
Əməliyyatın gedişatına şəxsən Ukrayna prezidenti Vladimir Zelenski nəzarət edib və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk və xüsusi xidmət əməkdaşları tərəfindən həyata keçirilib. Tramla telefon danışığında Putin bildirib ki, Rusiya bu hücum cavab verəcək./modern.az