Alimlər atmosferdəki oksigen səviyyəsinin təxminən 1 milyard il sonra azalacağını açıqlayıblar.
Turkustan.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, Yaponiyanın Toho Universiteti və ABŞ-ın Corciya Texnologiya İnstitutunun alimlərinin birgə araşdırması Yer atmosferində baş verəcək böyük dəyişikliyi üzə çıxarıb.
Tədqiqatçılar oksigen itkisinin günəş şüalarının yaratdığı suyun buxarlanmasından və okeanların yoxa çıxmasından əvvəl baş verəcəyini bildiriblər.
Bu, bəşəriyyətin və oksigenlə yaşayan bir çox canlı növlərinin sonu deməkdir.
Alimlərdən Kazumi Ozaki "Uzun illərdir ki, Yer kürəsində həyatın müddəti Günəşin parlaqlığının artması və qlobal geokimyəvi dövrlər əsasında hesablanır. Lakin bu model atmosferdəki oksigenin sabit qalmaya biləcəyini göstərir",- deyə qeyd edib.
Araşdırmaya görə, Yerin oksigenlə zəngin həyat dövrü planetin ümumi həyatının yalnız 20-30 faizini əhatə edəcək. Oksigen itkisi ilə bitkilər və fotosintetik orqanizmlər yox olacaq, lakin anaerob mühitdə, yəni oksigen olmadıqda yaşayan mikroorqanizmlər yaşaya biləcəklər. (Sfera.az)