Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətini pozan hər hansı pozuntuya yol verilməyəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərə görə, informasiya naziri Salman əd-Duseri, səhiyyə naziri Fəhd əl-Cəlacil, həcc naziri Tofiq ər-Rəbiə və nəqliyyat naziri Saleh əl-Cəsir builki Həcc mövsümünə hazırlıqla bağlı mətbuat konfransı keçirib.
Yığıncaqda danışan Duseri zəvvarların dini vəzifələrini yerinə yetirmə qabiliyyətinə təsir edəcək hər hansı pozuntuya yol verməyəcəklərini və bu məqsədlə 50-dən çox dildə "mənfi və fərdi hərəkətlərə" qarşı media kampaniyaları başlatdıqlarını söylədi.
Duseri zəvvarların ailələri ilə ünsiyyət qura bilmələri üçün 10 mindən çox pulsuz Wi-Fi nöqtəsinin qurulduğunu, izdihamı idarə etmək və zəvvarların namazlarını problemsiz şəkildə yerinə yetirmələrini təmin etmək üçün süni intellektdən istifadə edildiyini söylədi, lakin ətraflı məlumat vermədi.
Səhiyyə naziri Celacil zəvvarlar arasında indiyədək heç bir epidemiya halına rast gəlinmədiyinə diqqət çəkib.
Celacil qeyd edib ki, həcc zamanı fövqəladə hallar üçün 11 hava təxliyyə təyyarəsi və 900 təcili yardım maşını ayrılacaq və 71 ilk tibbi yardım məntəqəsi yaradılacaq.
Həcc naziri Rebia da indiyə qədər 1 milyondan çox zəvvar qəbul etdiklərini açıqlayıb.
Rəbia qeyd edib ki, zəvvarların təhlükəsiz və rahat şəraitdə qarşılanması üçün builki hazırlıqlar erkən başlayıb.
Nəqliyyat naziri Casir zəvvarlara xidmət etmək üçün nəqliyyat və logistika sahəsində 45 mindən çox personalın vəzifə yerinə yetirdiyini, zəvvarların hərəkətlərinin və yolların pilotsuz uçuş aparatları ilə yoxlanıldığını bildirib.
Aytən Yaşar/ Turkustan.az