Tramp BƏƏ-yə 1,45 milyardlıq silah təklif etdi


ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri öncəsi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ümumi dəyəri 1,45 milyard dollar olan iki ayrı silah satışı təklifi Konqresə təqdim edilib.

Turkustan.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyi (DSCA) BƏƏ-yə planlaşdırılan silah satışı ilə bağlı açıqlama verib.

Açıqlamada bildirilir ki, ilk satış çərçivəsində BƏƏ 1 milyard 320 milyon dollara 6 CH-47F Blok II Chinook helikopteri və mühərriklər, raket xəbərdarlığı sistemləri, pulemyotlar və uçuş zamanı yanacaq doldurma avadanlığı kimi müxtəlif dəstək avadanlığı alacaq.

F-16 döyüş təyyarələrinin texniki xidmət və ehtiyat hissələrini əhatə edən ikinci satışın 130 milyon dollar dəyərində olduğu bildirilən açıqlamada, satışa silah-sursat dəstək avadanlığı, gecə görmə cihazları, proqram təminatı və logistika dəstək xidmətlərinin də daxil olduğu bildirilib.

Açıqlamada satışın ABŞ-ın Yaxın Şərqdəki mühüm tərəfdaşı olan BƏƏ-nin müdafiə qabiliyyətini gücləndirəcəyi və “ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləyəcəkləri” vurğulanıb.

Ağ Evin sözçüsü Karolin Leavitt ABŞ prezidenti Donald Trampın mayın 13-16-da Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edəcəyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ