Hindistan və Pakistan arasında nəzarət xətti boyunca toqquşmaların artması, regionda genişmiqyaslı müharibə təhlükəsini gündəmə gətirib. Al Jazeera telekanalı istinadən yayılan məlumata görə, bu gün səhər saatlarında qısa fasilədən sonra atəş səsləri və güclü partlayışlar yenidən qeydə alınıb.
Eyni zamanda, Hindistanın Cammu şəhərində – Kəşmir bölgəsinin Hindistana məxsus hissəsində – genişmiqyaslı elektrik kəsintiləri yaşanır. Bu isə vəziyyətin ciddiliyini bir daha nümayiş etdirir.
Gecə saatlarında hadisələr sürətlə inkişaf edib:
Hindistan bir neçə Pakistan PUA-sını və raketini vurduğunu açıqlayıb, həmçinin silahlı şəxslərin sərhədi keçmək cəhdinin qarşısını aldığını bildirib. Ölkənin müxtəlif şəhərlərində, o cümlədən paytaxt Dehlidə fövqəladə vəziyyət rejimi elan olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində təxminən 20 hava limanı bağlanıb və bu məhdudiyyətlərin ən azı mayın 15-nə qədər davam edəcəyi bildirilir.
Bundan əlavə, Hindistanda keçirilən və milyonlarla izləyicisi olan İndian Premier League (İPL) kriket turniri bir həftəlik dayandırılıb.
Hazırda beynəlxalq ictimaiyyət iki nüvə silahına malik ölkə arasında qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilə biləcəyindən ciddi narahatlıq keçirir. Tərəflərdən hər hansı birinin növbəti hərbi addımı regional və qlobal təhlükəsizlik üçün ciddi nəticələr doğura bilər. /Konkret.az/