Gənc qızların böyük kabusu “Qaynana” – Bu qorxudan necə xilas olmaq mümkündür?


İstər gündəlik həyatda, istər sosial şəbəkələrdə, istərsə də sosial verilişlərdə qaynananı “evyıxan” şəxs kimi təqdim etmək artıq adi hala çevrilib. Hətta bu kimi fikirlər və streotiplər gənc qızları o qədər qorxudur ki, ailə quracaqları şəxsin valideynləri ilə bir evdə yaşamaq istəmirlər. “Qaynana” sözü gəlin namizədlərinin qorxulu yuxusuna, kabusuna çevrilib. Bəs bu haqda olan fikirlərin doğruluq payı nə qədərdir?

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, belə düşüncələrin formalaşmasında həmin qızların ətrafında olan qadınların payı çoxdur:

“Yeni ailə quran qızlarımız hələ qaynana faktorunun nədən və hansı kriteriyalardan olduğunu bilmir. Belə olan zaman öz anasından, yaxınlarından, qonşu qadınlardan “qaynanam əzazildir” kimi pafoslu fikirlərlə doldurulurlar. Həmin fikirlər isə onlarda qorxu yaradır. Bu da çox təbii haldır.

Belə qorxuların yaranmasında digər səbəb kiçik yaşlarında onların ana və onun qaynanası arasında tutmayan bir söhbətdən irəli gələn ailədaxili münaqişələrin baş verməsidir. Bütün bu hadisələr onları qaynana ilə bir evdə yaşamaqdan imtina etməyə gətirib çıxarır və qorxu yaradır.

Amma məsələyə qaynana yox, nənə faktoru kimi baxdıqda, analarının da səhvi olduğunu, bir kənarda söhbət edərkən “ana öz aramızdır, bu dəfə nənə haqlı idi” deyərək, nə vaxtsa bildirdikləri anlar da olub. Lakin qızlar gəlin gələndə nənənin etdiyi düzgün hərəkətləri yox, məhz beyində yaranan qaynana qorxusunu qorxunc kabus kimi qəbul edirlər. Bu düşüncələr onları bir evdə yaşamaqdan çəkindirir”.

Psixoloq həmçinin, qaynana ilə birgə yaşamağı məsləhət görməyən ekspertlərdən də söz açıb:

“Ekspertlərin bu barədə fikirlərinə gəlincə isə, onların çoxunun ailəsi heç tam deyil. 17-18 yaşda ailə quranlar var ki, bir neçə il sonra hər hansı baş verən situasiyaya görə, yaxud öz yoldaşı ilə münasibəti alınmadığı üçün ailə dağılıb. Amma buna baxmayaraq, bu gün qaynana və onunla yola getməmək haqda fikirlər irəli sürürlər.

Bu da heç qane edici və qənaətbəxş deyil ki, insan özü yaşamadığı bir şey haqda digərlərinə məsləhət verə bilsin. Yaxud bunu deyən ekspertlər görəsən, evin ağbirçəyi olaraq, öz gəlinlərinə necə davranır, onları yola verə bilirlərmi? İndi sosial şəbəkələr vasitəsilə insanlar digər şəxsləri xoş keçirdikləri hər hansısa bir anın balaca bir fotosu ilə manipulyasiya edir. Bununla da qarşı tərəfə “məndə hər şey yaxşıdır” deyərək, siqnal ötürürlər. Amma əsla bu belə deyil. Çünki hər bir ailənin özünün daxili mətbəxi var. Orada nə baş verdiyini heç kəs yaşamadan bilə bilməz”.


MANŞET XƏBƏRLƏRİ