Qəbələdə gənclərin iştirakı ilə ekotəmizlik aksiyası keçirildi - FOTOLAR


“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi 06 avqust 2025-ci il tarixdə Qəbələ rayonunun bir qrup gənci ilə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda dayanıqlı ekoturizmin inkişafına dəstək” layihəsi çərçivəsində Qəbələ rayon ərazilərinin məişət tullantılarından təmizlənməsi aksiyası keçirib.

QHT.az xəbər verir ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova, Qəçriş kəndinin ərazi icra nümayəndəsi Fuad Yusifov və könüllü təbiətsevərlər aksiyada iştirak ediblər.

Bir saat davam edən aksiyada Qəbələ rayonunun bəzi əraziləri müxtəlif növ məişət tullantılarından təmizlənib. Ərazidən toplanan plastik su butulkaları, yemək qabları, sellofan torbalar, şüşə parçaları, dəmir qırıntıları çeşidlənərək xüsusi qablara yığılıb və məişət tullantılarının qəbul məntəqəsinə aparılıb.

Sakinlərlə və aksiya iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb. Layihə rəhbəri İradə Həsənova hər kəsi ətraf mühitə qarşı diqqətli olmağa, ətrafı təmiz saxlamağa çağırıb:

“Ətraf mühit evimizin kandarından başlanır. Biz evimizdə təmizliyə necə riayət ediriksə, küçədə də elə olmalıyıq. Bizim atdığımız plastik su qabı, sellofan torbalar, şüşə qırıntıları, konserv bankaları ətrafda narahatlıq yaradır, estetik zövqü korlayır. Qəbələ rayonu turistik bölgədir. Bura gələn turistlərin ilk təəssüratı ətrafda gördükləridir. Biz gərək ətrafımızı təmiz saxlayaq ki, gələn qonaqlar buradan zəngin təəssüratlarla qayıtsınlar.”

İradə Həsənova belə bir maraqlı aksiyanı maliyyələşdirdiyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin təşkilinə göstərdiyi köməyə görə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyevə və müavini Reyhan Məmmədovaya təşəkkürünü bildirib.

Layihədə iştirak edən ADALİA Beynəlxalq Qadın Platformasının rəhbəri Dilşad Əhədova isə bildirib ki, bu cür aksiyaları davamlı keçirmək və daha çox könüllünün iştirakını təmin etmək lazımdır:

“Hər bir fərd yaşadığı ərazinin təmizliyinə cavabdehdir. Hər kəs təmizlik aksiyasında iştirak etməyə bilər, lakin hər bir insan diqqətli olmalı, ətrafa məişət tullantıları atmamalıdır. Bu gün bizim atdığımız tullantı sabah hansısa kommunal xidmət əməkdaşının ağır zəhməti hesabına təmizlənir. Bölgəyə istirahətə gələn insanlar da diqqətli olmalı, məişət tullantılarını xüsusi qablara atmalıdırlar.”

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Reyhan Məmmədova insanlar arasında ictimai qınağın gücləndirilməsini, eyni zamanda daha çox maarifləndirici işlərin aparılmasını tövsiyə edib.

Aksiya sakinlər, xüsusən gənclər tərəfindən maraqla qarşılanıb. Onlar növbəti aksiyalarda iştirak edəcəklərini bildiriblər və gələn turistlərin də daha diqqətli olmalarını vurğulayıblar.

Fotolar


MANŞET XƏBƏRLƏRİ