Restoranların "servis haqqı" FIRILDAĞI - Vəkil DANIŞDI


Vəkil Turan Abdullazadə: "Vətəndaşdan zorla əlavə "servis haqqı"nın tələb olunması qəti qadağandır"

Restoranlarda xidmət haqqının tutulması son illərdə geniş yayılıb. İnsanların daha çox narazılıq etdiyi məqam isə kassa çekində xidmət haqqının böyük faizlə göstərilməsidir.

Ekspertlər qeyd edir ki, xidmət haqqı ilə bağlı məsələ dövlətin qanunlarında öz əksini tapmayıb. Restoranlar bunu tam müstəqil şəkildə tətbiq edirlər. Burada tək tələb kassa çekində xidmət haqqının göstərilməsidir.

TURAN VEKİL.jpg (188 KB)

Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına, onların düzgün tərtib edilməməsinə görə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir:

"Həmçinin ölkə ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Ölkəmizdə xidmət göstərənə "çayovoy"un verilməsi bir növ adət halını alıb. Ofisiantlar özləri əlavə xidmət haqqı tələb etmir, sadəcə bu, ənənəyə çevrilib. "Çayovoy" vətəndaşın ona xidmət göstərən işçiyə könüllü ödənişi olduğundan burada hər hansı məsuliyyətdən söhbət gedə bilməz. Lakin menyuda qeyd olunmayan və öz əksini tapmayan əlavə xidmət haqqının tələb olunması qanunvericiliklə qadağandır".

Vəkil əlavə edib ki, dünyanın hər yerində istehlakçıya yaxşı xidmət göstəriləndə onsuz da o, mütləq artıq pul verir:

"Ancaq zorla ondan menyuda öz əksini tapmayan əlavə "servis haqqı"nın tələb olunması qəti qadağandır. Adətən, bahalı restoranlarda əlavə servis haqqı tələb olunması hallarına rast gəlinir. Buna görə də həmin restoranlara gedərkən və sifariş verməmişdən öncə menyuya diqqətlə nəzər yetirmək lazımdır. Menyuda əlavə faiz və ya əlavə ödəniş kimi servis haqqı qeyd edilibsə, siz bununla razılaşmayaraq oranı tərk edə bilərsiniz. Lakin menyuda hər hansı faizin tutulması və ya əlavə ödənişin olması ilə bağlı qeyd olmadan sonradan yazılı təqdim olunan "hesab"da bu məbləğin göstərilərək tələb edilməsi qanunsuzdur və məsuliyyətə səbəb olur. Restoranların bir çoxu "servis haqqı" kimi aldıqları pulu əslində məqsədli təyinatına uyğun olaraq heç də xidmət göstərən işçilərinin sosial təminatını möhkəmləndirmək üçün onlara vermir. Yığılan məbləğləri bilavasitə özləri bu və ya digər formada "mənimsəyir".

İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi baxır. Menyuda qeyd edilmədən hər hansı faizin tutulması, əlavə ödənişin, yaxud musiqi və digər əyləncələrə görə ödəniş alınması birmənalı olaraq qadağandır. Göstərilən xidmətlər və ya işlər üçün menyuların olmaması və ya onların düzgün tərtib edilməməsi inzibati məsuliyyət yaradır".


MANŞET XƏBƏRLƏRİ