Ukraynaya bir həftədə 1450 aviabomba, 1640-dan çox dron atıldı


Rusiya bizim enerji infrastrukturumuza zərbələr endirməyi dayandırsa, Ukrayna da Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa hazır olacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

O həmçinin Rusiyanın son hücumlarının fəsadlarını və itkiləri açıqlayıb:

"Yalnız bu gün səhər Zaporojyedə axtarış-xilasetmə işləri başa çatıb. Burada hücumlar nəticəsində 23 nəfər ölüb, onlardan dördü uşaqdır. Ötən gün Xarkovda tibb müəssisəsinə, bu gecə isə mülki infrastruktura və yaşayış binalarına zərbələr endirilib. Səhər saatlarında Slovyanskda beşmərtəbəli binaya zərbə dəyib, blok tamamilə dağılıb, dağıntılar altında insanlar ola bilər".

Ukrayna dövlət başçısının sözlərinə görə, Rusiya təkcə bu həftə ərzində Ukrayna ərazisinə 1450-yə yaxın avia-bomba, müxtəlif tipli 75 raket və 1640-dan çox zərbə dronu buraxıb.

Prezident əlavə edib ki, hazırda müttəfiqlərlə hava hücumundan müdafiə (HHM) sistemləri və döyüş aviasiyası üçün sursatların tədarükü barədə danışıqlar davam edir:

"Avropada müharibənin real səbəbkarı yalnız Rusiyadır. Artıq bu gün energetikaya vurulan zərbələri dayandırmaq mümkündür, lakin Putin bunu istəmir. Gərginliyi azaltmağa yönəlmiş hər bir addım qarşılıqlı olmalı və real zəmanətlərə söykənməlidir"./publika.az


MANŞET XƏBƏRLƏRİ