Əvvəla, mən arzulayardım ki, ümumi razılaşma olsa da, tədbiqi hazırda problem olan ortaq Əlifba məsələsində də bir qənaətə gəlinsin.
Turkustan.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa Plenar İclasda çıxışı zamanı deyib.
O bildirib ki, “bu gün Özbəkistan kitab sərgilərində Azərbaycanın son dönəm yazıçılarının əsərləri yoxdur. Eyni zamanda, biz də onları tanımırıq ki, kimlər var. Ona görə də bu tərcümə sektoru ilə bağlı məsələləri də inkişaf etdirməliyik. Bu sahədə bizdə ciddi problemlər var.”
Fazil Mustafa ədəbiyyatımızın xaricdə tanınması istiqamətində fondun da olmadığını bildirib:
“Ədəbiyyatımızın xaricdə tanınması istiqamətində zəruri olan dövlət fondunu yarada bilməmişik. Eyni zamanda, özəl müəllif hüquqları agentlikləri də yoxdur ki, yazıçının, şairin, bəstəkarın beyin məhsullarını xarici təşkilatlara təqdim edərək həm özünə, həm də müəllfə gəlir əldə edib, bu cür bir fəaliyyəti gerçəkləşdirsin. Bu isə o deməkdir ki, Avropaya, dünyaya çıxmaq bir tərəfə, hələ Türk dünyasına bu əsərlərin tərcüməsini təmin edə bilmirik.”
Deputat eyni zamanda təklif də verib:
“Hesab edirəm ki, Türkiyənin “TEDA” kimi bir layihə bizdə də olmalıdır. Biz müasir Özbəkistanı tanımalıyıq, onlar da bizi. Bu sahədə ciddi bir dövlət proqramı həyata keçirməliyik.”,- F.Mustafa bildirib.