"Təlabat yüksək olsa, ətin qiyməti bayramdan sonra enməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli ətin qiymətinin artmasının səbəblərindən danışarkən deyib.
Onun sözlərinə görə, bahalaşmanın əsas səbəbi alış həcmindən asılıdır:
"Tələbat yüksəkdir. Qiymətlərin bahalaşmasının təkcə xərc amili yoxdur, həm də tələbatın yüksək qalması buna təsir edir. Qiymət bahalaşsa da, alıcılar eyni həcmdə ət alır. Buna görə də bahalaşma davam edə bilər".
Xalid Kərimli hesab edir ki, gələcəkdə qiymətlərin dəyişməsi əsasən vətəndaşların ona reaksiyasından asılı olacaq:
"Qiymət bahalaşdıqca ət alışı azalarsa, qiymət də enə bilər. Amma ümumilikdə ətin ucuzlaşacağından danışmaq çətindir. Orta və uzunmüddətli dövrdə ətin qiymətinin artımı davam edə bilər".
Ekspertin fikrincə, zamanla ət istehsalı daha gəlirli sahəyə çevrilə bilər:
"Bu sahə o qədər gəlirli olacaq ki, insanlar başqa işlər əvəzinə heyvandarlıqla məşğul olmağa üstünlük verə bilər. Məsələn, Bakıda iş axtarmaq əvəzinə kənddə heyvandarlıqla məşğul olmaq daha cəlbedici biznesə çevrilə bilər".

O vurğulayıb ki, qiymətlərin stabilləşməsi üçün heyvandarlıqla məşğul olanların sayı artmalıdır:
"Əgər insanlar bu sahəni gəlirli hesab edib heyvandarlığa yönəlsələr, bazarda təklif artar və qiymətlər sabitləşə bilər. Əks halda, kənd yerlərində bu sahə ilə məşğul olmaq istəməyib Bakıda tikintidə fəhlə işləməyə üstünlük verənlərin sayı çox olduqca qiymətlər artmaqda davam edəcək".
Ekspert əlavə edib ki, qısa müddətdə qiymət dəyişiklikləri bazarda alıcıların davranışından asılıdır.
Qeyd edək ki, son günlər ətin qiymətində yenidən artım müşahidə olunur. Bayram ərəfəsində Bakının müxtəlif yerlərində bir müddət əvvəl 16–17 manata təklif olunan dana əti hazırda təxminən 18 manata satılır.