Aqil Məmmədov: “Yeni Azərbaycan Partiyası yeni mərhələdə də öz sözünü deyəcək”


“Yarandığı gündən xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Ötən 32 il sübut etdi ki, bu siyasi təşkilat həm də qələbələr, qaliblər partiyasıdır. Çünki bu partiya tarixi zərurətdən yaranan, xalqına xidmət edən partiyadır. Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verdi, Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayı haqqında fikirlərini Turkustan.az-a açıqlayan Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

Millət vəkili bildirib ki, hər bir xalqın siyasi taleyində dönüş nöqtəsi hesab olunan müstəsna hadisələr geniş yer almışdır. Zəngin milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə malik olan, bir əsrdə iki dəfə müstəqillik qazanmış, Azərbaycan xalqı da bu baxımdan istisna deyil. Müstəqil Azərbaycan bugünkü inkişaf, intibah, yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb: “Ulu öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin və üçrəngli bayrağımızın ən yüksək zirvələrdə dalğalanmasının qürurunu yaşamışdır”.

A.Məmmədov YAP-ın ağır ictimai-siyasi dövrdə meydana çıxdığını xatırladıb: “90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış ağır durum yeni bir təşkilatın - Yeni Azərbaycan Partiyasının yaranma zərurətini meydana gətirdi. Yeni Azərbaycan Partiyası ölkəni bəlalardan qurtardı və inkişaf yoluna doğru istiqamətləndirdi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa zamanda Azərbaycanın aparıcı siyasi qüvvələrindən birinə çevrildi. Partiyanın artan nüfuzu onun seçkilərdəki uğurlu iştirakında, eləcə də ölkənin siyasi kursunun formalaşmasında fəal iştirakında özünü göstərirdi. Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayında III Qurultayının nümayəndələri çox məsuliyyətli bir seçimə imza ataraq İlham Əliyevi partiyanın sədri seçdilər. Ötən müddət ərzində özünü tam doğruldan bu inam həm də Yeni Azərbaycan Partiyasının daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu”.

A.Məmmədovun sözlərinə görə Yeni Azərbaycan Partiyasının VII qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayında etdiyi çıxışında ölkəmizin gələcəyi ilə bağlı təqdim olunmuş konsepsiyalar bu gün uğurla həyata keçirilməkdədir: “Yeni Azərbaycan Partiyasının VII qurultayından keçən dövr ərzində Partiyanın strukturunun yenilənməsi, hüquqi bazanın yaradılması, əmək haqlarının artırılması, uçot sisteminin təkmilləşdirilməsi, kadr siyasətində mövcud olan boşluqların və üzvlük haqlarının yığılmasında müşahidə olunan pərakəndəliyin aradan qaldırılması, maliyyə dayanıqlılığının təmin olunması, ideoloji işin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi prioritet məsələlər kimi müəyyən olunmuş, bu sahədə problemlərin həlli və müvafiq vəzifələrin yerinə yetirilməsi üçün müvafiq islahatlar həyata keçirilmişdir”.

7 fevral prezident seçkisindən sonra Prezident İlham Əliyev tərəfindən Azərbaycan üçün yeni mərhələnin elan edildiyini deyən millət vəkili qeyd edib ki, bu mərhələdə də Yeni Azərbaycan Partiyası öz sözünü deyəcək: “Ümummilli lider YAP dünənin, bu günün və gələcəyin partiyası adlandırıb. Gəlcəyimizdə də YAP lider partiya statusunu qoruyub saxlayacaq”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ