Şirvani və Nəsimi yaradıcılığında bioekoloji fikirlər - Təbiət-insan münasibətləri nümunəsində



Yusif DİRİLİ (Mahmudov)
Ətraf mühit üzrə tədqiqatçı,
tarix üzrə fəlsəfə doktoru

(əvvəli BU LİNKDƏ)


Şəqayiq pərdədən çıхdı, boyandı bağ ilə bostan,
İrişdi gülşənin hüsnü boyandı rəngi əzharə.

yaxud

Ki, çıхdı qönçədən sünbül giriban çak еdər məntək,
Dəlindi qüssədən bağrım, sən еtmə yürəgim yarə.

– Şair burda çiçək tumurcuğunun tədricən açılma prosesini müşahidələri əsasında çox düzgün təsvir edə bilib. Novruz bayramının gəlişinə həsr etdiyi başqa bir qəzəlində də Nəsimi bitkilərin həyatında baş verən çiçəkləmə kimi həyati vacib məsələyə toxunub:

Qönçədən gül baş çıxardı, saldı üzündən niqab,
Bülbülü-şeyda xətibi-lalazər oldu yenə.

Digər bir şeirində dahi şair çəmənlik ekosisteminə aid müxtəlif ot bitkilərini sadalyır, həmçinin bəzi ağac və kol bitkilərinin adlarını çəkməklə bərabər, bənövşənin nümunəsində digər bitkilərin çiçəkləməsinə işarə edir. Şair həm də bu zaman bitkilərin çiçəkləmə müddətinə diqqəti cəlb etmiş olur:

Çəmənlər müхtəlif oldu həzar əlvan çiçəklərdən,
Açıldı laləvü nəsrin, şükufə gəldi əşcarə.

Açıldı nərgisü lalə, tutubdur yasəmən çadır,
Söyütlər, ərğəvan titrər, qamışlar mindi ənharə.

Bənövşə, gül tamaşası qənimət bil ki, bеş gündür,
Satar mə’şuqə gül hüsnün, хəridar ol bu bazarə.

Bu və digər şeirlərində İ.Nəsiminin yaşadığı tarixi dövrün biomüxtəlifliyi də öz əksini tapıb. Biz buna onun bir sıra qəzəl və qəsidələrində, rübailərində və başqa janrlarda yaratdığı bədii nümunələrdə rast gəlirik. Onlardan lalə, nərgiz, bənövşə, nar, reyhan, söyüd, ərğəvan, qamış, nəsrin, şükufə, eləcə də taxıllar fəsiləsinə aid bitkilərdən səmənini misal göstərə bilərik.

Səhərdə gül üzün şaha çü gülşəndə gülab oynar,
Anı görüb səfasından fələkdə afitab oynar.

Bu şeir parçasında Nəsimi səhər vaxtı gözəlin üzündə gülab kimi tər damlalarının göründüyünü, bu gözəlliyi görən günəşin də sevincdən oyandığını bildirir. Akademik Həmid Araslı buna əsasən qeyd edir ki, “məşuqə o qədər gözəl və təmizdir ki, onun üzünün şövqündən camalındakı niqab da rəqsə gəlir.” Bu, bizə quttasiya hadisəsini xatırladır. Fikrimizcə, İ.Nəsimi təbiətşünas olmasa da belə, praktik müşahidəçi kimi təbiəti doğru mənimsəyib. Ona görə də şeirlərində ekoloji elementlərdən istifadə edərkən elmi səhvə yol verməyib. Əminliklə deyə bilərik ki, səhər tezdən yarpaqların üzərində şeh damlalarının torpanması və mirvari dənəsi kimi Günəş işığında bərq vurması Nəsiminin diqqətindən qaçmayıb. Ətraf mühitdə baş verən bu cür halların poeziyaya gətirməsi, şübhəsiz, şairin elmi-fəlsəfi dünyagörüşünün bitkin olması ilə bağlı idi.

Şairin yaradıcılığında ətraf mühitə faydalı və zərərli təsir göstərən abiotik amillərin (külək, rütubət, su, torpaq, bitki, heyvan, istilik, işıq) adlarına da tez-tez rast gəlirik. Bu, şübhəsiz, şair-filosofun təbiət görüşlərindən xəbər verir. Bir başqa misal: “Dinin günəşi, dünyada imanım əfəndi”, – misrası ilə başlanan şeirində üz tutduğu şəxsi qiymətli daşlara bənzətməsi göstərir ki, Nəsimi öz dövrünün faydalı qazıntıları və onların əhəmiyyəti haqqında müəyyən bilgilərə malik imiş.

Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım,
Qiymətli olan lə’li-bədəхşanım əfəndi.

Yer üzərində həyatın necə və nədən əmələ gəlməsi məsələsi yalnız alimləri düşündürməmiş, həm də filosuflar və din xadimləri bu problemə nəzər yetirmiş, zaman-zaman ona müxtəlif bucaqdan münasibət bildirilmişlər. Klassiklərimizin yaradıcılığında bu, əsas məsələlərdən biri kimi diqqətdən kənarda qalmamışdır. Qeyd etmək yerinə düşər ki, apardığımız araşdırmalar göstərir ki, bu problemə yanaşma müxtəlif olduğu qədər də mübahisəli olmuş, ona ikili münasibət göstərilmişdir: elmi və dini yanaşma. Elmi yanaşmaya görə həyat suda əmələ gəlmişdir. Fikrimizcə, İ.Nəsimi “Dəryayi-mühit” şeiri ilə bu məsələnin həllinə yönəlmiş elmi nəzəriyyəni (XX əsrin əvvəli – Oparin nəzəriyyəsi) altı əsr qabaqlaya bilmişdir. Əlbəttə, bunun mükəmməl olduğu fikrindən uzağıq, ancaq dəyərli şairimiz həyatın dörd ünsürdən (hava, su, torpaq, istilik) yarandığı faktını özündən öncəki həmfikirləri və həmkarlarının gəldikləri qənaəti çəkinmədən, qətiyyətlə davam və inkişaf etdirmişdir.

…Nəsimi, uşbu ənvarın şüasından münəvvərdir,
Kitabü nərdü şətrəncü odü yеl, su, türab oynar.

O, canlıların yaşayışında və inkişafında işıq enerjsinin müstəsna əhəmiyyətini xüsusi qeyd edir. Nəsimi suda birinci olaraq bitkilərin inkişafının labüd olduğunu, bunun üçün əlverişli mühitin yaranmasını şərt kimi göstərir. Onun nümünə kimi təqdim etdiyimiz şeirindən bir parçaya baxaq:

Dəryayi-mühit cuşə gəldi,
Kövn ilə məkan xüruşə gəldi.

Sirri-əzəl oldu aşikara,
Arif necə eyləsin müdara?

Hər zərrədə günəş oldu zahir,
Torpağa sücud qıldı tahir.

Nəqqaş bilindi nəqş içində,
Ləl oldu əyan Bədəxş içində.

Acı su şərabi-kövsər oldu,
Hər zəhr nəbatü şəkkər oldu.

Filosof-şair mənsub olduğu hürufilik təriqətinə söykənərək İnsanı ali mənsəb sayır. Lakin o dövrdə nə din, nə də elm bunu izah edə bilimridi. Üzvi aləmin təkamülündə İnsanın son halqa olduğu anlamı Nəsimi yaradıcılığında açıq-aydın hiss olunur. Nəsimiyə görə insanın ali vücud olması Allahın onda təcəlla tapması ilə əlaqədardır. Məhz hürufilikdə İnsanın ən ali məqam halında qəbul edilmsəsinə də səbəb budur. O, haqlı olaraq, İnsanı yaradıcısını tanımağı, şeytana uymamağı tövsiyyə edir:

Adəmdə təcəlli qıldı Allah,
Qıl adəmə səcdə, olma gümrah!

Şeytani-ləinə uyma zinhar,
Anın sözünə inanma, ey yar!.

İnsan öz aqibətindən çıxanda, halı dəyişəndə cahanı-dünyanı saymır. O zaman bəşəriyyət bundan ziyan çəkir:

Hər kimsə ki, tanıdı bu canı,
Bir zərrəyə saymadı cahanı.

Ümumilikdə götürsək, dini-fəlsəfi, sosial-iqtisadi amil kimi İnsan obyekti hər zaman aktual olmuşdur. Qədim dövrün böyük filosoflarından olan Diogenin günün günorta çağı əlində çıraq İnsan axtarışına çıxması da elə bu səbəbdən idi. Ötən əsrdə yaşayıb-yaratmış Azərbaycan filosofu, “Mütləqə İnam” təliminin yaradıcısı Asif Ata fəlsəfəsinin əsas məqsədi Kamil İnsan yetişdirmək idi. Bu cəhətdən o, “Nəimi və Nəsimi ömrümüzün bir hissəsidir” deyir və hürufiləri özlərinə “qohum” hesab edirdi…

Maraqlıdır ki, ötən əsrin sonlarında çağdaş dövrün ekoloji problemləri sırasına “İnsan ekologiyası” adlı çox ciddi bir anlayış gətirildi. Mənəviyyatda baş verən və ya mövcud olan deqradasiyalar, eyni zamanda ekoloji mühitə çox ciddi təsir göstərir. Bu problemin öyrənilməsi və tədricən aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm rol oynaya bilər. Nəsiminin yaradıcılığında həmin məsələ prioritetdir. Bir nümunəyə baxaq:

Əya, mö’min, gər istərsən səadət,
Özünə peşə qıl daim se adət.

– deyən şair, yaxşı əməllər sahibi olmağı tövsiyyə edir:

Nəsimi, sən yəqin əhli-nəzərsən,
Bu üç nəsnəyi qıl kəndunə adət.

Biri lütfü kərəm, həm xülqi-niku,
Biri – heç kimsəyə baxma həqarət.

Bu sözlər xoş nəsihətdür bilənə,
Seadətdir, vəli eyni-səadət.

İnsanı səadətə qovuşduracaq bu xüsusiyyətlərin hər kəsi səadətə qovuşduracağını düşünən filosof, eyni zamanda bədəməlli-bədniyyətli adamlara mənsub keyfiyyətləri də sadalamaqla sanki onlardan uzaq durmağa çağırır:

Dəxi könlü edər üç nəsnə qəmgin,
Qulaq ur kim, edəm sana hekayət.

Yaman qonşu, yaman yoldaşi-bədxu,
Yaman övrət siyasətddir, siyasət.

Yəqin cənnət üzün görməz bir adəm
Ki, var canında anın üç əlamət.

Biri kəzzablıq, birisi qeybət,
Biri olmaq bəxil, əhli-ədavət.

Gəlir üç nəsnədən azari-mərdüm,
Var, etmə özünə anı sənaət.

Biri böhtan, biri kəcgəngəl etmək,
Biri küstaq olub, qılmaq zərafət.

O, bütün ömrünü yalnız əzab-əziyyətlə sərvət toplamağa sərf edən şəxslərə bunun mənasız olduğunu, insanın mənəvi kamilləşməsində heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayır.

Bir ovuc tozdur küləklər qarşısında bu bədən
Ömrümüz qar tək ərir hər an günəşdən, şölədən…

Sərvətin artdıqca bil ki, artacaq dərdi-sərin
Sən ölən tək parçalar ol sərvəti varislərin.

Nəsimi hürufi şairdir və bir hürufi kimi onun alı məqsədi İnsanı yüksək məqamda görməkdir. Ona görə də poeziyasında da İnsanı bir varlıq olaraq hər şeydən üstün tuturdu:

Hər nə yerdə, göydə var adəmdə var
Hər nə ayda, ildə var, adəmdə var.

Hürufi görüşlərinə görə dünya maddi və mahiyyəti etibarı ilə iki yerə bölünür: Kainat və İnsan. Birinci dünyada, ümumilkdə, qalaktika və təbiət; İkincidə isə bütün obyektiv varlıq öz əksini tapır. Başqa sözlə, hürufilər İnsanın daxil aləmində bütün səma cisimlərinin mövcudluğuna inanırdılar. Nəsimi də məhz bu mövqedən çıxış etməklə İnsana ideal qiymət verirdi. Ətraf mühitin müasir və aktual anlayışlarından biri kimi İnsanın bu cür qiymətləndirilməsi, əslində İnsan ekolgiyası kimi vacib bir problemin diqqət mərkəzinə gətirilməsi o dövr üçün olduqca maraqlı, həm də təhlükəli tendensiya idi. Nəzərə alsaq ki, hələ XX əsrin II yarısına qədər İnsan ekologiyasını bir problem kimi qaldırmaq asan məsələ deyildi, onda Nəsiminin bu sahədəki fəaliyyəti qibtəediləndir.

Apardığımız araşdırmalar göstərir ki, həm Ə.Xaqaninin, həm də İ.Nəsiminin yaradıcılıq nümunələrində ətraf mühitlə əlaqəli elmə söykənən ekoloji fikirlər çoxdur. Onlardan bol və dürüst istifadə göstərir ki, hər iki görkəmli şair yalnız öz dövrlərinin deyil, özlərindən əvvəlki klassikləri də yaxşı mənimsəmiş, elmi-fəlsəfi nəzəriyyələrlə az-çox tanış olmuşlar.

Sonda onu qeyd etmək lazımdır ki, Xaqani Şirvani və İmadəddin Nəsiminin yaradıcılığı yalnız filosof-şair kimi təkcə ədəbiyyat və fəlsəfə tarixi üçün deyil, elmin ayrı-ayrı sahələri üçün də zəngin mənbədir. Əhalinin erkən dövrlərdə ekoloji fikirlərini öyrənmək baxımından bu klassiklərin yaradıcılıq nümunələri xüsusi əhəmiyyət daşıyır. Onların əsərlərində çağdaş elm üçün faydalı ola biləcək yönləndirici elmi informasiyalar vardır.

Göründüyü kimi, Azərbaycanda əhalinin ətraf mühitə münasibəti klassiklərimizin yaradıcılığında əsrlər boyu öz əksini tapmış, təbiətə qayğıkeş münasibətin təbliği və biomüxtəlifliyin saxlanması istiqamətində əhəmiyyətli iş görmüşdür. Beləliklə, Xaqani Şirvani, İmadəddin Nəsimi və digər klassikləri-mizin yaradıcılığını dərindən öyrənməklə, elmin müxtəlif istiqamətlərində əhatəli araşıdılmamış problem-lərin açılmasına nail olmaq mümkündür.

Medianın İnkişafı Agentliyi — Vikipediya

Ekologiya və ətraf mühitin mühafizəsi;

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ