QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur
I Yazı
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı
elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
Azərbaycan və Türk dünyasının böyük oğlu, Azərbaycan Cümhuriyyətinin qurucusu, politoloq, sosioloq, filosof-mütəfəkkir Məhəmməd Əmin Rəsulzadəyə türkçülük cərəyanının təsiri, bunun nəticəsində azərbaycançılıq ideyasının, bütövlükdə milli məfkurənin formalaşması onun 1911-1913-cü ildə İstanbuldakı elmi-fəlsəfi fəaliyyəti ilə başlamışdı. Türkçülük cərəyanının Məhəmməd Əminə hakim kəsilməsi, məhz onun İstanbuldakı fəaliyyəti (1911-1913) dövrünə təsadüf edir. ""Təlatümə düşmüş" gəminin sükanını saxlamaq yolunu və "sahil nicatın" hansı tərəfdə olduğunu Rəsulzadə 1911-ci ildən sonra özü üçün qəti şəkildə aydınlaşdırdı. Həmin il o, Qacarlardan Osmanlıya-Türkiyəyə gəldi və burada məşhur türkçülərin əhatəsinə düşdü. Milli türk şairi azadlıq nəğməkarı Əmin Yurdaqulun başçılıq etdiyi "Türk yurdu" cəmiyyətinə daxil oldu".[1]Rəsulzadənin İstanbula gəlməsi ilə həyatında əsaslı dəyişiklik baş verdiyi görməmək mümkün deyil. Artıq sosial-demokrat Rəsulzadəni, türkçü, milli məfkurəli Rəsulzadə kimi görürük. ""Türk yurdu" jurnalında Rəsulzadənin bir neçə əsəri və tərcüməsi də dərc edilmişdir. Onlardan ən məşhuru Cəmaləddin Əfqaninin "Vəhdəti cinsiyyə fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti" adlanan əsərinin tərcüməsi və "İran türkləri" adlı məşhur əsəridir. Ancaq bundan sonra Rəsulzadənin fikirləri formalaşır, sanki o axtardığı idealını tapır".[2]
M.B.Məmmədzadə yazır ki, Rəsulzadənin ümmətçilikdən millətçiliyə, islamçılıqdan türkçülüyə keçməsində C.Əfqaninin böyük rolu olub: ""Ümmət" dövrünü yaşayan müsəlman Şərqində milliyyət şüurunun oyanmasında çox böyük rolu olan məşhur islam mütəfəkkiri Cəmaləddin Əfqaninin "milliyyət xaricində səadət yoxdur" - deyən "Vəhdəti cinsiyə fəlsəfəsi"ni (yəni "Milli birlik fəlsəfəsi") farscadan türkcəyə çevrib "Türk yurdu"nda dərc etməsi də bu zamana rast gəlir. Sonraları (Rəsulzadənin) Bakıdakı nəşriyyatında milliyyət məsələsini işlədiyi zaman Cəmaləddin Əfqanidən çox faydalandığı görüləcəkdir".[3]
Doğrudan da, Əli bəy Hüseynzadənin irəli sürdüyü "Türk hissiyyatlı, İslam imanlı, Avropa qiyafəli" düsturunun, daha sonra Ziya Gökalpın dərin təhlil edib təkmilləşdirdiyi "türkçülük" ideyasının Rəsulzadəyə böyük təsiri olmuşdu: "...Mərhumun (Ziya Gökalpın) "Türk yurdu"nda dərc olunan "Türkləşmək, islamlaşmaq və müasirləşmək" məqalələri məni adətən, vəcdə gətirdi. Bakıya geri döndüm. Mətbuat dil məsələsi ilə məşğul idi. Bu məsələdə Ziya nəzəriyyəsinin müdafiəçisi oldum. Türkçülüyə rəvac vermək üçün dünya müharibəsi əsnasında təsis etdiyimiz "Açıq söz" qəzetinin başına Ziyanın müqəddəs düsturunu bir şüar olaraq qoyduq. Daha sonra Ziyanın son zamanlarda "Türk millətindənəm, islam ümmətindənəm, Qərb mədəniyyətindənəm" şəklində dediyi bu "şüar" türkçülük, xalqçılıq ümdələri, vəzifələri üzərində təşəkkül edən millətpərvər "Müsavat" firqəsinin proqram müqəddiməsində yer tutdu. Rus istibdadı pənəcəsindən dağılmış xanlıqlar şəklində deyil, müttəhid və milli bir kütlə surətində nicat arayan Azərbaycan türklüyü bu istiqlalını tərtəmiz edəcək bayrağa əsri məfkurəsi ilə mütənasib bir məna vermək istəyirdi. Bu mənanı da "türkləşmək, islamlaşmaq və müasirləşmək" məfhumlarında tapdı: bayrağı mavi, al (qırmızı) və yaşıl rəngli qumaşlardan düzəldildi".[4]
Həmin dövrün qabaqcıl Türk aydınları Ziya Gökalp, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Yurdaqul, Y.Akçura və başqa ziyalıların türkçülük düşüncələrini dərindən mənimsəyən Rəsulzadə, ancaq sosial-demokrat ideyasını da tamamilə bir kənara qoymamışdır. Sadəcə, Rəsulzadə təmsilçisi olduğu cəmiyyətin bu günü və gələcəyi üçün yalnız islamlıq, sosial-demokrat ideyalarının yetərli olmadığını görmüş, milli məsələni-türkçülüyü də bu ideyalar sırasına daxil etmişdir. Üstəlik, onun dünyagörüşüncə cəmiyyətin toparlanması və inkişafı yolunda əsas hədəfdə öncə milli məsələ, yəni türkçülük, daha sonra islam, çağdaşlıq gəlməli idi. O, yazırdı: "Mədəni yaşayış üçün 3 əsas amil lazımdır: Milliyyət, beynəlmiləliyyət və əsriyyət. Millətin rüknü ana dili, beynəlmiləliyyətin əsası din və əsriyyətin binası əsrə hakim olan ülum və finun ilə məhəllinə görə onun vasitəsi olan dillərin öyrənməsidir".[5]Rəsulzadə yazırdı ki, 20-ci əsrin ilk on illiyində tanınmış mütəfəkkir Əli bəy Hüseynzadə "Füyuzat"da bunu, "Türk hissiyyatı, İslam imanlı və Avropa qiyafəli bir insan olalım" - deyə, ifadə edib.
Onda türkçülük və azərbaycançılıq ideyalarının formalaşması, təbliği və "Müsavat" Partiyasının prinsiplərinin müəyyənləşdirilməsi də bu mərhələyə təsadüf edir. Bu dövrdə Rəsulzadə milli məfkurəni əsaslandırmağı, onun prinsiplərini müəyyənləşdirməyi, türkçülüyü yaymağı, Azərbaycan Türk milliyyəti ideyasını orrtaya atmağı və Milli istiqlala nail olmağı qarşısına məqsəd kimi qoymuşdu.
Ümumiyyətlə, burada türklüyü və türkçülüyü də bir-birindən fərqləndirmək lazımdır. Türklük daha çox sadəcə şəxsi kimliyini, danışdığı dili, tapındığı adət-ənənələri türk olaraq qəbul edib bununla kifayətlənməkdirsə (türk kimliyi), türkçülük millətdə milli ruh, mili düşüncə, milli özünüdərk uğrunda mübarizə aparmaq, bir sözlə onu yenidən bir təlim, sistemli məfkurə (türkçülük fəlsəfəsi, türk dünyagörüşü) halına gətirməkdir. Bunu, vaxtilə M.Ə.Rəsulzadə belə ifadə etmişdi: "Türklüklə türkçülük arasında böyük fərq vardır. O fərq nədir? …Millətdə milli ruh, milli düşüncə, milli özünütanıma, milli şəxsiyyət lazımdır. Biz millətə bunu verməyə çalışırız".[6]Rəsulzadənin ifadə etdiyi türkçülük birmənalı olaraq Türk fəlsəfəsi, Türk dünyagörüşü idi.
M.Ə.Rəsulzadənin nəzərində milli məfkurə üç amilə əsaslanırdı: milli varlıq, dini reallıq və yenilik. "Tələb olunan yeni inkişaf səviyyəsinə çatmaq üçün xalq hər şeydən əvvəl özünü tanımalı, dinini, etiqadını qorumalı və dünya mədəniyyətinə yiyələnməlidir. Daha doğrusu, bunlar xalqa öyrədilməlidir. Rəsulzadənin türkçülərdən və onların ideoloqu Əfqanidən əxz etdiyi bu amillər onun nəzərində Azərbaycanda milli şüurun, milli mənliyin oyanmasına, milli birliyin yaranmasında nicat yolunun tapılmasına kömək etməlidir".[7]
Məlum olduğu kimi, çarizmin müstəmləkə zülmünün bir cəhəti də xalqımızın etnik mənşəyini qəsdən dolaşdıraraq milliyyətimizi təhrif etmək olmuşdur. O zaman azərbaycanlıları gah "tatar", gah "persian", gah da "müsəlman" adlandırırdılar. Məqsəd bu millətin özünü tanımasına əngəl olmaq idi. Rəsulzadə hələ 1914-cü ildən öz yazılarında "müsəlman", "türk", "tatar" əvəzinə Azərbaycan və azərbaycanlı terminini işlədirdi.[8]Rəsulzadə bu dolaşıqlığı açaraq xalqın adını özünə qaytardı. Rus idarəsi tərəfindən müsəlmanlara "türk" və "Azərbaycan" kəlməsinin işlədilməsinin icazə verilməsini Rəsulzadə qazanılmış böyük nailiyyət adlandırırdı. Onlar artıq müsəlman olmalarını düşünməklə yanaşı, bir millət olaraq türk olduqlarını da anlamağa başlayacaqdılar. Bəlkə də, burada artıq özünüdərkin ilk nişanələri də vardı. Hər halda müsəlmanların (türklərin) maariflənməsi, dünyagörüşünün artması zəruri idi. O, 1915-ci ildə təsis etdiyi "Açıq söz" qəzetində Qafqaz müsəlmanının və ya tatarın türk olduğunu bəyan etdi. Bu qəzetdə yazdığı bütün məqalələrində M.Ə.Rəsulzadə cəhalətdən xilasın yolunu göstərir, əhalini milli özünüdərkə səsləyirdi. 1915-ci ilin oktyabrında ilk sayı çıxan "Açıq söz" qəzetinin baş redaktoru Rəsulzadə qəzetin əsas şüarını türkçülük, müasirlik, islamçılıq kimi müəyyənləşdirmişdi: ""Açıq söz" ilk dəfə olaraq o vaxta qədər Qafqaziya müsəlmanı və yaxud tatar deyilən xalqın türk olduğunu sərhaət və israrla meydana atmış və bu xüsusda hərb senzoru ilə mübarizə etmək zərurətində qalmışdı".[9]Rəsulzadə artıq millətçiliyə sinfi mübarizənin əleyhinə olan bir ideya kimi yox, millətin dirilişi kimi baxırdı. Mütəfəkkir milli istiqlal olmadan hər hansı sosial bərabərliyin olacağına artıq inanmırdı: "Milli istiqlal, ələlxüsus, millətlərə xüsusiyyətlərinin mühafizəsini təmin edən istiqlal daima bəşəriyyətə saheyi-mədəniyyətdə yeni və əsil bir taqım ibdalar, ixtiralar nəvidindədir ki, mədəniyyəti-bəşəriyyə dediyimiz şey də bu bədaət və ixtiraların məcmuindən ibarət bir yekundur".[10]
Əvvəlki dönəmlərdən fərqli olaraq Rəsulzadə millətpərəstliyin, türkçülüyün bəşəri dəyərlərə zidd olmadığını, əksinə onun tərkib hissəsi olduğuna da inanırdı. Bütün bunları müsavatçılıq ideologiyasında birləşdirən Rəsulzadə yazır: "Ona görə, başqalarını təmsil üçün deyil, öz mənliyini mühafizə üçün çalışan millətpərəstlik mədəniyyəti-bəşəriyyə naminə təqdir və təsdiq olunmalı zəruri və faydalı böyük bir fikirdir".[11]O, yazır: "Millətə hər bir fitnə və fəsadın mənbəyini göstər, onun nə tərəfdən və nə cür gəldiyini bildir, o zaman əminiz ki, millət nə edəcəyini bilər".[12]
M.Ə.Rəsulzadə artıq ona da inanırdı ki, Avropada da sosial-demokrat yox, milliyyət nəzəriyyəsi üstün gələcək: "Avropa üsul məmləkətdarları başdan-başa dəyişəcək və milliyyət nəzəriyyəsi sair nəzəriyyələrə faiq (üstün) gələcəkdir. Bütün aləmin mütəfəkkirlərincə indiki Avropa müharibəsi dövlətlərin deyil, millətlər və mədəniyyətlərin müharibəsidir. Madam ki, bu böylədir demək ki, müharibə nəticəsi dəxi dünya millətlərinin xəritəsi dəyişdiyi kimi, dövlət təşkilatlarına olan nəzəriyyələrdə dəyişəcək və bilaşübhə sosalistlərin də təbii gördükləri milliyyət əsası qəbul olunacaqdır. İştə böylə bir zaman üçün hazırlanmağı millətlər özlərinə vəzifə biliyorlar. Çünki özünü bilməyən, vicdani-milliyyəsi inkişaf və amali-həyatiyyəsi təmin etməyən insan heyətlərini bir millət kimi qəbul etmiyorlar. Və irəlidə də etməyəcəklərdir".[13]
[1]Qurbanov Ş. Cəmaləddin Əfqani və türk dünyası. Bakı: 1996, s.110
[2]Yenə orada, s.147
[3]Rəsulzadə M.Ə. Əsərləri. I cild (1903-1909). Bakı, "Təhsil", 2014, s.10-11
[4]Yaqublu N. Məmməd Əmin Rəsulzadə. Bakı: Gənclik, 1991, s.45
[5]Azərbaycanın türkçülük və azərbaycançılıq problemləri. Bakı: Ay-Ulduz, 1998, s.122
[6]Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar). I c. Bakı, "Azərbaycan" nəşriyyatı, 1998, s.260
[7]Qurbanov Ş. Cəmaləddin Əfqani və türk dünyası. Bakı: 1996, s.149