Nə zəlzələ oldu, nə də vulkan püskürdü - Sirli sunaminin sirri açıqlandı (VİDEO)


Alyaskanın cənub-şərqində yerləşən Endicott Arm fiyordunda bu ayın əvvəlində baş verən fövqəladə hadisə həm sakinləri, həm də alimləri təəccübləndirib. Bölgədə nə zəlzələ olub, nə də vulkan püskürüb, amma bir anda onlarla metr yüksəklikdə dalğalar meydana gəlib.

Turkustan.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 10 avqust səhəri qeydə alınan bu hadisədə Harbor adası yaxınlığında 3-4,5 metr, Savyer adasında isə 30 metr hündürlüyə çatan dalğalar müşahidə edilib. İlk olaraq gözlər zəlzələ ehtimalına çevrilsə də, Alyaskada həmin vaxt heç bir sarsıntı qeydə alınmayıb.

Alyaska Fairbanks Universitetindən alim Alek Bennett bu cür dalğaların çox vaxt sürüşmələrdən qaynaqlandığını bildirib. Mərkəzin direktoru Maykl Uest isə hadisəni son 10 ilin ən böyük təbiət olayı adlandırıb.

Səbəb tapıldı: Nəhəng torpaq sürüşməsi

Alyaska Zəlzələ Mərkəzinin təhlilləri nəticəsində hadisənin sirri açılıb. Cənubi Savyer buzlağı yaxınlığında 3,5 milyard kubmetr həcmində torpaq kütləsi yer dəyişib. Bu, təxminən 40 min olimpik hovuz dolusu torpağa bərabərdir.

Sürüşən kütlənin bir hissəsi buzlağa çırpılıb, böyük hissəsi isə Traki Arm fiyorduna düşərək "seiş" adlanan əks dalğalı tsunami yaradıb. Bu hadisə 2015-dən bəri bölgədə qeydə alınan ən böyük sürüşmə və sunami kimi qiymətləndirilib.

1958-ci ildə Lituya körfəzində baş verən və 100 metrlik dalğa ilə tarixə düşən meqa-sunaminin xatırladıldığını deyən Bennett bu kimi hadisələrin dar körfəz və göllərdə daha çox rastlandığını qeyd edib.

Paralel fəlakət: Buzlağın partlaması ilə sel

Hadisədən qısa müddət əvvəl isə Cuno şəhərində başqa bir təbiət olayı qeydə alınıb. Buzlaq partlaması nəticəsində Mendenhall çayı və gölündə su səviyyəsi rekord həddə çatıb, güclü sel yaranıb.

Şəhər rəhbərliyi və fövqəladə xidmətlər vaxtında qurulan baryerlərin yüzlərlə evi xilas etdiyini açıqlayıb. Mer Keti Koester "Yeni sədlər olmasaydı, yüzlərlə ev sular altında qala bilərdi" deyə bildirib.

İqlim dəyişikliklərinin təsiri

2023 və 2024-cü illərdə də oxşar buzlaq partlamaları nəticəsində yüzlərlə ev zərər görüb. Mütəxəssislər son hadisələrin həm təbii coğrafi şəraitin, həm də iqlim dəyişikliklərinin nəticəsi olduğunu vurğulayır.

Alyaska hakimiyyət orqanları bu kimi təbii fəlakətlərə qarşı uzunmüddətli və dayanıqlı infrastruktur planlarının zəruri olduğunu bildirirlər.


MANŞET XƏBƏRLƏRİ